Katiboğlu təxəllüsü ilə tanınan türk şair və milli fəal Faris Təyyar martın 14-də Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə vəfat edib.
“Könüldən dilə” kitabının müəllifi uzun müddət ağciyər xərçəngindən əziyyət çəkdikdən sonra 55 yaşında həyatını itirib. O, şənbə günü Urmiyənin Quluncu qəsəbəsində dəfn edilib.
Faris Təyyar 2009-cu ildə vəfat edən məşhur şair və ozan Qulunculu Dədə Katibin oğludur.
Günaz TV-nin veb səhifəsində yazılanlara görə, “Faris Təyyar türk şeir və ədəbiyyatını mərhum atasından öyrənib, lakin atası vəfat edənə qədər onun hörmətinə görə öz şeirlərini çapa verməkdən imtina edib.”
1964-cü ildə Urmiyənin Quluncu qəsəbəsində dünyaya gələn Katiboğlu İranda həm etnik həm məzhəb ayrıseçkiliyi ilə üzləşdiyi bildirilən sünni türklər cəmiyyətinə mənsub idi.