Accessibility links

Urmiyəli şair vəfat edib


"Şami" təxəllüslü türk şair 68 yaşında dünyasını dəyişib

İran xəbər agentlikləri Şami təxəllüsü ilə tanınan məşhur Urmiyəli şair Mahmud Sadıqpurun vəfat etdiyini bildirirlər. Şairin vəfatı ilə əlaqədar mədəni fəallar və incəsənət xadimləri, habelə yerli dövlət məsulları başsağlığı mesajları yayıblar.

“Təbiətin Qoynunda” və “Daşlı Yol” kitablarının müəllifi Şaminin son aylarda ağır xəstə olduğu deyilirdi.

İyunun 28-də 68 yaşında dünyasını dəyişən şair üçün vəfatından 10 gün öncə şairlər, sənətçilər, musiqiçilər və yerli məsulların iştirakı ilə böyük bir “ağırlama törəni” təşkil edilmişdi.

M.S Şami vəfatından təqribən 10 gün öncə (təkərli kürsüdə)
M.S Şami vəfatından təqribən 10 gün öncə (təkərli kürsüdə)

İRNA xəbər agentliyinin yazdığına görə, “Qərbi Azərbaycan vilayətinin ədəbiyyat ekspertləri Şamini Urmiyənin ən tanınmış çağdaş şairi hesab edirlər. Bunun səbəbi isə onun türk poeziyasındakı mövqeyi, radio proqramlarında iştirakı və şeirlərinin aşıqlar tərəfindən ifa edilməsi olub.”

Mərhum şairin Urmiyə şəhəri, təbiət, həmasə (qəhrəmanlıq) və milli məzmunlu bir çox şeirləri aşıqlar və müğənnilər tərəfindən ifa edilib. Güneyli ozan Araz Elsəsin ifa etdiyi Atatürk mahnısı o cümlədəndir.

1948-ci ildə Urmiyənin Bəkişli bölgəsində dünyaya gələn Mahmud Sadıqpur İranda həm etnik həm məzhəb ayrıseçkiliyi ilə üzləşdiyi bildirilən sünni türklər cəmiyyətinin üzvü idi.

XS
SM
MD
LG