Martın 24-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən hərbi hissəsinin matrosu Ruslan Məmmədovun tabeliyində olan avtomat silahdan açılan atəş matros Əhməd Hümbətovun qarın nahiyəsinə dəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, matros Ə.Hümbətov aldığı güllə yarasından həlak olub.
Hadisə ilə əlaqədar araşdırma aparılır. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu ilin yanvar-mart ayları (24 martadək) üçün növbəti statistikasını açıqlayıb. Bu dövrdə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 20 nəfər təşkil edib.
Müvafiq dövrdə dünyasını dəyişənlərin 3-ü döyüş, 17-si isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi litseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
Belə ki, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 2 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 3 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 16-ı Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Baş Mühafizə Idarəsinin, 1-i Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır. Yaralananların sayına gəlincə, 14 nəfər yaralanıb (və ya xəsarət alıb). Onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si mülki şəxslərlə davadan, 2-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2-i bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 4-ü isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralıların 12-i Müdafiə Nazirliyinin hərbi qulluqçusudur.