Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazir Məmmədyarov iclasda çıxışında bildirib ki, Əfqanıstandakı mövcud vəziyyət regional və qlobal təhlükəsizliyə ciddi şəkildə təsir edir. “Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək və Əfqanıstanla qardaş əlaqələri nəzərə alaraq, Azərbaycan Əfqanıstanda təhlükəsizliyin, sabitliyin və rifahın bərqərar olması üçün ilk günlərdən öz töhfəsini verməkdədir”.
Nazirin fikrincə, coğrafi mövqeyindən və mövcud infrastrukturu Azərbaycanı regionun mühüm tranzit ölkəsinə çevirib. “ISAF əməliyyatları üçün zəruri olan mallar və canlı qüvvə həm Azərbaycanın quru ərazisindən, həm də hava məkanından istifadə etməklə Əfqanıstana daşınır. Bu tranzitin həcmi ilbəil artmaqdadır”.
Onun fikrincə, ötən onilliyin təcrübəsi sübut edib ki, Əfqanıstanda davamlı sülh və sabitliyə nail olmaq üçün hərbi yardım kifayət deyil. “Bu mövqedən çıxış edərək, Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə əməkdaşlıq üçün töhfə verməkdədir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilməkdədir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində Əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçir. Azərbaycan Diplomatik Akademiyası hər il əfqan diplomatlar və dövlət qulluqçuları üçün təlimlər təşkil edir. Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı mübarizə sahəsində kurs, Dövlət Sərhəd Xidməti isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçirir. Azərbaycanın digər qurumları da əfqan polis və hərbi qulluqçuları da daxil olmaqla Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirməyə hazırdır”.
Cənab Məmmədyarov bildirib ki, Azərbaycan Əfqanıstan hökumətinin koordinasiyası və maraqlı ölkələrin iştirakı ilə narkotik vasitələrin axının qarşısının alınması üçün layihələrdə iştirak edə bilər.
“Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında maraqlı olan ölkə kimi, Əfqanıstan hökuməti tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləyə bilər. Hal-hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlərimiz var”, - deyə o qeyd edib.