Avropa İttifaqının Əfqanıstanda qadın məhbuslar haqda sənədli filmin nümayiş etdirilməməsinə dair qərar verməsi mübahisələrə səbəb olub. Əxlaqsızlıq cinayətləri kimi bir fenomeni kəşf edən film Əfqanıstanda qadın hüquqlarının müdafiə edilməsinə dair qanunvericiliyin mövcud olmasına baxmayaraq, əfqanq qadınlarının qarşılaşdığı sərt reallıqları göstərir.
Avropa İttifaqının sifarişi ilə çəkilmiş sənədli film əxlaqsızlıq cinayəti adlandırılan cinayətə görə Əfqanıstan həbsxanasında saxlanılan iki qadın haqdadır. Məlumata görə qadınlardan biri zorlanıb, o biri isə əri onu döydüyünə görə evdən qaçıb.
Lakin Avropa İttifaqı sənədli filmin nümayişinə icazə verməyib. Associated Press xəbər agentliyi Avropa İttifaqının rəsmisinin elektron poçtla göndərdiyi məktuba istinadən məhbus qadınların təhlükəsizliyi, bununla yanaşı, Avropa ilə Əfqanıstanın ədliyə orqanları arasında münasibətlərin korlana biləcəyi ilə bağlı narahatlıqların mövcud olduğu haqda məlumat verib.
Lakin Avropanın xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştonun sözçüsü Maykl Man siyasi məsələlərin burada rol oynadığı ilə bağlı fikri rədd edib. O deyir ki, yeganə narahtlıq filmdə nümayiş etdirilən qadınların təhlükəsizliyi ilə bağlıdır.
Human Rights Watch təşkilatının nümayəndəsi Heder Barrın sözlərinə görə, əxlaq cinayəti ilə əlaqədar hazırda bir neçə yüz qadın həbsdə saxlanılır. Heder Bar onların çoxu ilə müsahibələr keçirib. İnsan haqları qrupu mübahisə doğuran faktlar barədə şərh verməyib. Lakin Bar Avropa İttifaqının sifarişi ilə çəkilmiş sənədli filmdə göstərilənlərin əfqan həbsxanalarında çox adi hal olduğunu deyir.
Heder Bar: “Burada əxlaq cinayəti adı altında cəza çəkən məhbus qadınlarla söhbət etdikdə məlum olur ki, onların bəziləri evdən qaçdıqlarına görə həbsə alınıblar. Amma əslində, Əfqanıstan qanunlarına görə bu, ümumiyyətlə cinayət deyil. Başqaları isə zina, yəni evli olmadan cinsi əlaqədə olduqlarına görə cəza çəkirlər.”
Bar deyir ki, qadınlara qarşı zorakılıq və zorlama hallarının qeyri-qanuni olduğunu təsbit edən qanunviriciliyə baxmayaraq, əxlaq cinayətinə görə həbslərin sayı əksinə artıb. Başqa problem isə onların azadlığa buraxıldıqları təqdirdə üzləşə biləcəkləri problemlərlə bağlıdır.
Heder Bar: “Məhbus qadınların yalnız az bir hissəsi azadlığa buraxıldıqları təqdirdə əvvəlki təhqiramiz vəziyyətlə üzləşəcəklərini düşünür. Başqaları isə azadlığa çıxanda həbsxanaya düşdükləri üçün ailələrini rüsvay etdiyinə görə ailə üzvləri tərəfindən öldürüləcəklərini fikirləşir.”
Lakin Maykl Man deyir ki, Avropa İttifaqı Əfqanıstanda ədliyyə sistemində islahatların həyata keçirilməsi və qadın hüquqlarının daha da ciddi müdafiə edilməsinə çalışacaq. O deyir ki, Avropa İttifaqı hazırda filmdə nümayiş etdirilən məhbus qadınların təhlükəsizliyini təmin etmək şərti ilə səndəli filmin nümayiş etdirilməsi üçün yollar axtarır.