Accessibility links

Əli Həsənov: Bir nəfərin bir neçə dəfə prezidentliyə namizədliyi xarici aləmdə müzakirə predmeti deyil


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Azərbaycan rəsmisinin Amerika rəsmisinə cavabı: Bu məsələ ikitərəfli və çoxtərəfli müzakirə mövzusu deyil, Azərbaycanın daxili işidir, Konstitusiya ilə tənzimlənir

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend agentliyinə müsahibə verib. Müsahibədə Amerika dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın Azərbaycanla bağlı bəyanatları barədə suallara cavab verilib. Maraqlıdır ki, müsahibə Tomas Meilanın Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransından dərhal dərc olunub.

Müsahibəni olduğu kimi diqqətinizə çatdırırq:


- Əli müəllim, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia Azərbaycana səfəri çərçivəsində verdiyi bir sıra açıqlamalarla yadda qalıb. Melia son vaxtlar Azərbaycanda Milli Demokratiya İnstitutunun ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib və hesab edib ki, Azərbaycan rəhbərliyi MDİ-nin fəaliyyəti haqqında düzgün məlumatlandırılmır. Bu, nə dərəcədə həqiqətəuyğundur?

Fikir fərqliliyinin başlıca səbəbi odur ki, Milli Demokratiya İnstitutu öz fəaliyyəti haqqında dəqiq və şəffaf açıqlama vermir.
- Mən Tomas Melianın o fikri ilə razıyam ki, Azərbaycanda Milli Demokratiya İnstitutunun fəaliyyəti haqqında şəffaf məlumat çox azdır. Əgər Azərbaycan hakimiyyəti bu institutun fəaliyyəti, onun ölkəmizdə həyata keçirdiyi layihələr haqqında kifayət qədər geniş informasiyaya malik deyilsə, deməli, bu institut indiyə qədər gördüyü işləri lazımi səviyyədə və Azərbaycan qanunlarının tələb etdiyi qaydada cəmiyyətə təqdim etməyib. Onun reallaşdırdığı layihələrin bir qismi açıqlanmır və ya bu layihələrlə bağlı müvafiq hesabatlar aidiyyəti orqanlara təqdim edilmir. Ona görə də mən Azərbaycan cəmiyyətində Milli Demokratiya İnstitutu haqqında olan fikir ayrılığını təbii hesab edirəm.

Fikir fərqliliyinin başlıca səbəbi odur ki, Milli Demokratiya İnstitutu öz fəaliyyəti haqqında dəqiq və şəffaf açıqlama vermir. Bu təşkilatın saytında, onun Ədliyyə Nazirliyinə, maliyyə məsələləri ilə bağlı digər qurumlara verdiyi hesabatlarında müəyyən qaranlıq məqamlar mövcuddur ki, bu da həmin sualları yaradır. Hazırda dövlət qurumları bu institutun fəaliyyəti ilə bağlı araşdırma aparırlar. Əgər onun fəaliyyətində qeyri-qanuni, ölkəmizin qanunlarına, Azərbaycan hökuməti ilə bu qurum arasında bağlanmış müqaviləyə zidd bir şey olmayacaqsa, deməli, bu təşkilat Azərbaycanda fəaliyyətini davam etdirəcək. Amma məsələyə ümumi kontekstdə yanaşdıqda, biz bu qurumun missiyasına, onun bütün dünyada Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin əsas prinsiplərindən biri olan demokratiya məsələlərini təbliğ etməsinə hörmətlə yanaşırıq. Bu, bizim dövlət siyasətimizlə üst-üstə düşür.

- ABŞ dövlət katibinin müşaviri Azərbaycanda etiraz aksiyaları zamanı dinc nümayişçilərin, xüsusilə də NİDA üzvlərinin həbsindən narahatlığını ifadə edib. Bundan başqa, Azad Fikir Universitetinin bağlanmasını pisləyib. Melianın narahatlığına haqq qazandırmaq olarmı?

Cənab Melia bəyan edib ki, dinc nümayişçilərin həbsi narahatedici amildir. Ancaq Azərbaycanda heç bir dinc nümayişçi həbs olunmayıb.
- Burada müəyyən anlaşılmazlıq var. Cənab Melia bəyan edib ki, dinc nümayişçilərin həbsi narahatedici amildir. Ancaq Azərbaycanda heç bir dinc nümayişçi həbs olunmayıb. Həbsə alınanlar qeyri-qanuni aksiya keçirərək Azərbaycanda sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol verənlər və hüquq mühafizə orqanlarına müqavimət göstərənlərdir. Onlar bu və ya digər konkret əməllərinə görə saxlanılıblar. Hazırda həmin şəxslərlə bağlı araşdırma gedir, məhkəmə prosesi hələ başlamayıb. Ona görə də mən bu məsələyə dəqiq münasibət bildirmək istəmirəm. Amma faktdır ki, saxlanılanlar heç də dinc nümayişçilər deyil. Təkrar edirəm, polisə müqavimət göstərən, qarşıdurma yaradan, insanların sağlamlığına, istirahətinə, mülkiyyətinə qarşı qəsd edən şəxslərlə dinc nümayişçini eyniləşdirmək olmaz.

O ki qaldı, Azad Fikir Universiteti adlanan layihəyə, bu da araşdırma, təhqiqat mövzusudur.
O ki qaldı, Azad Fikir Universiteti adlanan layihəyə, bu da araşdırma, təhqiqat mövzusudur. Həmin layihə necə icra edilirdi, hansı təşkilat tərəfindən həyata keçirilirdi, bu fəaliyyət Azərbaycan qanunvericiliyinə uyğun idimi, layihənin icraçısının dövlət qeydiyyatı var idimi, icra ilə bağlı Ədliyyə Nazirliyinə, digər dövlət orqanlarına hesabat verilirdimi? Bu məsələlər araşdırmadan, tədqiqatdan sonra məlum olacaq. Əgər bəlli olsa ki, bu fəaliyyət qanun çərçivəsində həyata keçirilib, əlbəttə, onun davam etdirilməsində heç bir problem olmayacaq. Yox, əgər bunun sadəcə olaraq qeyri-şəffaf bir fəaliyyət olduğu və məqsədi, məramı Azərbaycan qanunvericiliyinə uyğun gəlmədiyi bəlli olsa, o zaman müvafiq tədbirlər görüləcək.

- Melia ATƏT-in Bakıdakı missiyasının layihə koordinatoru səviyyəsinə qədər azaldılmayacağına ümid edir. O bu istiqamətdə Vyanada müzakirələrin aparıldığını söyləyir. Bu ümidin gerçək olacağı nə dərəcədə inandırıcıdır?

Gələcəkdə ATƏT-lə münasibətlərin strategiyasını ATƏT və Azərbaycan müəyyən edəcəklər. Düşünürəm ki, bura kənar müdaxilələr əməkdaşlıq məsələlərinə pozitiv təsir göstərməyəcək.
- Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib. ATƏT hökumətlərarası təşkilatdır. Üzv ölkələrin ortaq missiyasını həyata keçirən və Avropada təhlükəsizlik, əməkdaşlıq məsələləri ilə məşğul olan bir qurumdur. Onun ölkələrdəki yerli ofislərinin səlahiyyəti də həmin ölkələrlə razılaşdırılmış şəkildə həyata keçirilir. ATƏT-in hansı statusla Azərbaycanda fəaliyyətini davam etdirməsi bilavasitə Azərbaycan hakimiyyətinin səlahiyyəti, hüququdur. Ona görə də bu məsələlər Vyanada da, ATƏT-lə Azərbaycan arasında ikitərəfli görüşlərdə də müzakirə olunur. Gələcəkdə ATƏT-lə münasibətlərin strategiyasını ATƏT və Azərbaycan müəyyən edəcəklər.

Düşünürəm ki, bura kənar müdaxilələr əməkdaşlıq məsələlərinə pozitiv təsir göstərməyəcək. Azərbaycan artıq 20 il əvvəlki ölkə deyil, inkişaf edib, regional və dünya səviyyəli proseslərdə fəallığı ilə diqqəti çəkir. ATƏT-in Bakıdakı ofisinin statusu da Azərbaycanın inkişaf səviyyəsinə adekvat olmalıdır. Azərbaycan bu təşkilatın daha çox bölgədə sülh və təhlükəsizliyin yaranmasına, region ölkələri arasında iqtisadi, siyasi, sosial münasibətlərin inkişafına töhfə verməsini istəyir. Yerli, daxili məsələlərlə məşğul olan kifayət qədər QHT, siyasi institutlar, ictimai qurumlar var. ATƏT-in daha çox ölkəmizlə bu quruma üzv olan dövlətlər arasında əlaqələri inkişaf etdirməsi, bölgədə və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi ilə məşğul olması daha vacib məsələlərdir.

- Əli müəllim, ABŞ dövlət katibinin müşaviri Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub və Prezident İlham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməsini "qırmızı xətt" adlandırıb. Hətta bir az da uzağa gedərək, bu məsələni Bakıya növbəti səfəri zamanı müzakirə edəcəyini açıqlayıb. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasında təsbit olunan bir məsələ necə müzakirə predmeti ola bilər?

Məsələn Almaniyada Angela Merkel, Türkiyədə Rəcəb Tayyib Ərdoğan təcrübəsi və digər çoxsaylı faktlar mövcuddur. Buna görə də bu məsələ heç bir ölkə və ya təşkilatla ikitərəfli və çoxtərəfli formatlarda müzakirə mövzusu deyil, yalnız Azərbaycanın daxili işidir və ölkə Konstitusiyası ilə tənzimlənir.
- Əvvəla, məndə olan məlumata görə, bu fikir T.Meliaya məxsus deyil, "Turan" agentliyinin onun adından yaydığı yanlışlıqdır. İkincisi, hər bir ölkədə prezident seçkisi onun qanunları və Konstitusiyanın tələbləri ilə tənzimlənir. Azərbaycanda bir nəfərin bir neçə dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi Konstitusiya normasıdır və xarici aləmdə müzakirə predmeti deyil. Bilirsiniz ki, 2009-cu ildə Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi və Azərbaycan vətəndaşlarının tam əksəriyyəti müvafiq dəyişiklikləri dəstəklədi. O zaman nə ölkə daxilində, nə də xaricdə buna ciddi etirazlar müşahidə olunmadı. Digər tərəfdən, onu da qeyd edim ki, bu məsələdə analoji hallar, məsələn Almaniyada Angela Merkel, Türkiyədə Rəcəb Tayyib Ərdoğan təcrübəsi və digər çoxsaylı faktlar mövcuddur. Buna görə də bu məsələ heç bir ölkə və ya təşkilatla ikitərəfli və çoxtərəfli formatlarda müzakirə mövzusu deyil, yalnız Azərbaycanın daxili işidir və ölkə Konstitusiyası ilə tənzimlənir.

ABŞ bizimlə strateji tərəfdaşdır. Bu dövlətlə Azərbaycan arasında münasibətlərin üç
ABŞ-la Azərbaycan arasında yalnız seçkilərin demokratik keçirilməsi yolları, metodları, vasitələri müzakirə oluna bilər.
əsas istiqaməti var ki, onların haqqında cənab Melia da bəhs edib. Bunlar energetika, təhlükəsizlik və demokratiya məsələləridir. ABŞ-la Azərbaycan arasında yalnız seçkilərin demokratik keçirilməsi yolları, metodları, vasitələri müzakirə oluna bilər. Demokratik seçki bizim qanunumuzun tələbidir, Konstitusiyamızın normasıdır. Biz ABŞ-la seçkilərin azad, demokratik keçirilməsini müzakirə edə və bu işdə strateji tərəfdaşlarımızın dəstəyini ala bilərik.

- Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca xarici qüvvələrin ölkəmizə təzyiqləri artırmaq cəhdlərini söyləmək olarmı?

Lakin bu iştirak Azərbaycanın daxili işlərinə müdaxilə, ölkə həyatının prinsip və normalarının pozulması ilə müşahidə oluna və ya təzyiq şəklində həyata keçirilə bilməz.
- Azərbaycan geosiyasi statusu, zəngin təbii resursları, güclü iqtisadi potensialı, dünya siyasətində iştirakı, Xəzər bölgəsi, Cənubi Qafqaz regionunda hərbi-geostrateji mövqelərinə görə bölgənin və dünyanın çox əhəmiyyətli ölkələrindən biridir. Azərbaycanla münasibəti və ölkəmizdə maraqları olan hər bir xarici aktor, beynəlxalq qurum, böyük və kiçik dövlət istəyir ki, bu seçkilərdə bu və ya digər maraqlarını ifadə etsinlər, seçki prosesinə müəyyən təsir mexanizmlərinə malik olsunlar ki, gələcək hakimiyyətlə bağlı öz proqram və planlarını reallaşdıra bilsinlər. Bu, təbii haldır, bütün dünyada belədir. Biz buna etiraz etmirik. Lakin bu iştirak Azərbaycanın daxili işlərinə müdaxilə, ölkə həyatının prinsip və normalarının pozulması ilə müşahidə oluna və ya təzyiq şəklində həyata keçirilə bilməz. Bu proses tərəfdaşlıq üzərində qurulmalı, Azərbaycanda vəziyyətin daha da yaxşılaşmasına xidmət göstərməlidir.
XS
SM
MD
LG