Accessibility links

Cəmil Həsənli: Hakimiyyəti ələ keçirən güruh həmişə Qərbin əleyhinə olacaq [Video-Müsahibə]


Cəmil Həsənli: Hakimiyyəti ələ keçirən güruh həmişə qərbin əleyhinə olacaq
please wait

No media source currently available

0:00 0:05:22 0:00

Cəmil Həsənli: Hakimiyyəti ələ keçirən güruh həmişə qərbin əleyhinə olacaq

Milli Şuranın sədri Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində müxalifətin mövcud durumu, hökumətin müxalifətə və azad mediaya qarşı kəskin münasibəti, qərbin tənqidinə üstünlük verilməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Mövcud ictimai-siyasi durumda müxalifətin vəziyyətini necə qiymətləndirərdiniz? Mübarizə aparmaq, tədbirlər keçirmək üçün imkanlar varmı?
Müxalifət partiyaları daim təzyiq altında işləyir və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı böyük bir səlib yürüşü elan olunubdu.
Cəmil Həsənli: Mövcud siyasi durum çox ağır vəziyyətdədir və yeri gəlmişkən deyim ki, son 10 ildə demokratiyanın geriləməsi prosesi baş verdi. İlk növbədə bu geriləmə müxalifət partiyalarına, əlbəttə gerçək müxalifət partiyalarına qarşı mübarizə ilə səciyyələnir. Düzdür, bəlkə də Azərbaycan hakimiyyəti bütün dövlətin resurslarından istifadə edərək müxalifətin zəiflədilməsinə nail oldu. Amma bütövlükdə daha böyük bir müxalif güclə qarşılaşdı. Bu xalqın müxalifətidir. Biz bunu seçkilər dövründə açıq-aydın gördük. İlk dəfə olaraq ATƏT-in Varşava bürosu bəyanat yaydı ki, Azərbaycanda seçki saxtakarlığı 58 faizdir. Xalqın içərisində dayağı olan hakimiyyət belə bir şeyə yol verməməli idi. Deməli 58 faiz saxtakarlıq varsa hakimiyyətin xalqın içərisində dayağı yoxdur.

İndiki durumda əlbəttə müxalifət partiyaları daim təzyiq altında işləyir və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı böyük bir səlib yürüşü elan olunubdu. Həbslər dalğası gün-gündən genişlənir. Məsələn, 10-15 il qabaq bu kimi məsələlər məhkəməyə çıxarılanda 1-2 il iş verirdilərsə, indi 7 il, 8 il 6 ay iş verirlər. Bunlar hamısı Azərbaycanda avtoritarizmin yumşaq demokratiyaya keçməsini şərtləndirən əlamətlərdir.

Amerikanın Səsi: Ölkədə yumşaq demokratiyaya keçmək mümkündürmü?
Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün Azərbaycan ya 300 qanun qəbul etməli, ya da mövcud qanunlara dəyişiklik etməlidir.
Cəmil Həsənli: Əlbəttə, əlbəttə... Ötən ilin 9 oktyabrında iki yol var idi. Bunun biri yumşaq demokratiyaya, digəri isə yumşaq diktaturaya keçid idi. Indiki dövrdə yumşaq demokratiyaya keçid imkanları niyə yoxdur? Əlbəttə var. Bunun üçün islahatlar getməlidir. Siyasi, sosial, iqtisadi, inzibati idarəçilik islahatları getməlidir. Məsələn, təsəvvür edin ki, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün Azərbaycan ya 300 qanun qəbul etməli, ya da mövcud qanunlara dəyişiklik etməlidir. Hazırda bunun heç 3-də olmayıb. Ona görə ki, hakimiyyətin bunu etməyə daxili istəyi yoxdur. Hakimiyyət buna daxilən ehtiyac duymur. Bilirsən nəyə görə ehtiyac duymur? Hakimiyyət dialoqa hazır deyil. Məsələn, İctimai Televiziya nədən ötrüdür? İctimai Televiziya bütün tərəfləri təmsil etməlidir. Cəmiyyət 3 qütbdən ibarətdir: hakimiyyət, müxalifət, ictimaiyyət. Bu günləri, mən hələ qalan televiziyaları, özəllər də daxil olmaqla demirəm, İctimai Televiziya hakimiyyətin tam nəzarətindədir. Axırıncı dəfə müxalifət nümayəndəsini orada nə vaxt görübsünüz? Yəni bizim seçki təcrübəsi göstərdi ki, hakimiyyətin xalqın içərisində dayaqları elə də möhkəm deyil. İlham Əliyevin 10 il ərzində yaratdığı mifi biz 10 dəqiqədə dağıtdıq. Televiziyalara total nəzarət qoyulması, müxalifətin televiziyalardan kənar saxlanmasının səbəbləri də bununla bağıdır.

Amerikanın Səsi: Amma, iqtidar xadimləri, hakimiyyət mediası da daxil olmaqla daha çox müxalifəti və qərbi tənqid etməkdə davam edirlər. Bunun səbəbi nədir?
Əgər hakimiyyət mətbuatının saytında hansısa bir yazını 9 nəfər oxuyubsa, bunun nəyi mediadır? Media “Zerkalo” qəzeti idi, bu vəziyyətə saldılar. Media “Azadlıq” qəzetidir.
Cəmil Həsənli: Əvvəla, siz deyirsiniz hakimiyyət mediası. Təəssüflər olsun ki, hakimiyyət media yarada bilmədi. Media nədir? Media ictimaiyyət arasında müəyyən bir siyasətin təbliğ olunmasıdır. Əgər hakimiyyət mətbuatının saytında hansısa bir yazını 9 nəfər oxuyubsa, bunun nəyi mediadır? Media “Zerkalo” qəzeti idi, bu vəziyyətə saldılar. Media “Azadlıq” qəzetidir, hakimiyyət bütün gücü ilə ona qarşı mübarizə aparır, - qəzetin satış pullarını qaytarmır, məhkəmə çəkişmələri ilə susdurmaq istəyir, jurnalistləri təqib edir və s. Media budur.

Hakimiyyət media yarada bilmədiyi üçün öz siyasətini vaxtı ilə müxalifətin düşərgəsində olmuş adamların rəhbərlik etdiyi media qurumları ilə həyata keçirmək istəyir. O adamlar ki, uzun müddət müxalifətin içində olublar, ekstremal şəraitdə işləyiblər. Məsələn, APA-dır, Publika.az-dır və s. Amma müxalifətin hədəf götürülməsi onunla bağlıdır ki, Azərbaycan
Məsələn yüz milyonlarla qiyməti olan mülklər ildə ən çoxu 30 min manat gəliri olan bir vəzifə sahibi tərəfindən necə alınır?
hakimiyyəti çoxpartiyalı sistemə hazır deyil. Bunlarda totalitar bir düşüncə var, ölkədə qeyri-məhdud bir korrupsiya var, ölkənin təbii sərvətləri məhdud sayda adamlar tərəfindən mənimsənilir. Yüzlərlə bu barədə faktlar açılıb. Adamların bank nömrələrinə, xaricdə aldığı böyük mülklərə qədər, bunların ünvanlarına qədər hər şey ortadadır. Mən hansısa bir zəhmətlə qazanılan vəsait hesabına nəyinsə alınmasının əleyhinə deyiləm. Amma bunun izahını versinlər ki, məsələn yüz milyonlarla qiyməti olan mülklər ildə ən çoxu 30 min manat gəliri olan bir vəzifə sahibi tərəfindən necə alınır? Bəlkə bunun izahını versinlər. Ona görə də hakimiyyət və yaxud da onun əlində olan, - mən media deməzdim, kağız-kuğuz bunu etməyə borcludur.

Amerikanın Səsi: Bəs qərbin, qərb ictimai institutlarının tənqidi nədən qaynaqlanır? Səbəb nədir?
Qərb azad seçki istəyir, Yeni Azərbaycan Partiyasının bu azad seçki necə xoşuna gələ bilər. Qərb siyasi məhbuslarsız Azərbaycan istəyir.
Cəmil Həsənli: Səbəb ondan ibarətdir ki, burada feodal üsul-idarəsi yaratmaq istəyirlər. Heç kəs ağzını açmasın, ağzını açanın cibinə narkotik atırlar, evinə, maşınına silah atırlar. Çünki bunlara belə gəlir ki, adamlar qərbdən qaynaqlanıb belə fikrilərə düşürlər, hakimiyyəti tənqid edirlər. Mənim yadımdadır 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Azərbaycan rəhbərliyində belə bir fikir əmələ gəldi ki, artıq Rusiya regionda öz mövqelərini bərpa edir, yəqin ki, bir 30-50 il belə olacaq. Ona görə də qərbin üzərinə yerimək lazımdır. Həmin dövrdə bir çox vəzifəli adamlar Amerika və Avropa universitetlərində oxuyan uşaqlarını çıxarıb gətirdilər. Bu natamamlıq kompleksidir. Qərb azad seçki istəyir, Yeni Azərbaycan Partiyasının bu azad seçki necə xoşuna gələ bilər. Qərb siyasi məhbuslarsız Azərbaycan istəyir. Bunların isə hikkəsi o boydadır ki, gərək ağzını açanı tutub bassınlar. Qərb ölkənin faydalı qazıntılarından vətəndaşın faydalanması haqqını istəyir. Bütün bunları, biz Azərbaycanda görmürük. Nə qədər ki, Azərbaycanda azad, ədalətli, demokratik bir cəmiyyət yoxdur, hakimiyyəti ələ keçirən güruh həmişə qərbin əleyhinə olacaq.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın, azad medianın olduğunu bildirir. Rəsmi Bakı seçkilərin azad və demokratik keçdiyini bəyan edib.
XS
SM
MD
LG