Britaniya rəsmən Liviya lideri Müəmmər Qəzzafi rejiminin diplomatlarını ölkədən çıxararaq müxalifətdə olan Milli Keçid Şurasını həmin ölkənin hökuməti qismində tanıyıb. Xarici işlər naziri William Hague deyib ki, Londonun bu addımı Şuranın Liviya xalqı arasında legitimlik qazanmasından irəli gəlir.
"Biz Liviya elçisini nazirliyə çağıraraq ona bildirdik ki, Qəzzafi rejimini təmsil edən diplomatlar dərhal Birləşmiş Krallığı tərk etməlidirlər. Biz onları Liviya xalqının təmsilçiləri kimi tanımırıq və biz Milli Keçid Şurasını Londondakı Liviya səfirliyinə nəzarəti götürməyə dəvət edirik," deyə nazir bildirib.
Hague deyib ki, Milli Keçid şurası daha açıq və demokratik Liviya istiqamətində çalışır. Buna zidd olaraq Müəmmər Qəzzafinin öz xalqına qarşı törətdiyi qəddarlıqlar onu legitimlikdən məhrum edir.
ABŞ, Fransa və 30-dan atıq ölkə Milli Keçid Şurasını Liviyanın müvəqqəti hökuməti kimi tanıyıblar.