BMT-nin baş katibi Ban Ki Mun Şimali Koreyanın uzaq mənzilli raket sınağını pisləyən beynəlxalq liderlərə qoşulub. Raket havaya buraxılandan dərhal sonra partlayaraq dənizə düşüb. Cənab Ban raketin qəzaya uğramasından sonra hadisəni acınacaqlı adlandıraraq, Şimali Koreyanın belə bir addımının beynəlxalq ictimaiyyətin mövqeyinə zidd olduğunu deyib.
Ağ Ev də öz növbəsində raket sınağını kəskin pisləmişdir. Ağ Evin mətbuat katibi Cey Karni bunun regionda təhlükəsizliyə zidd olduğunu və Pxenyanın vəsaiti silah və təbliğata sərf etdiyi halda Şimali Koreya xalqını ac qoyduğunu deyib.
Qərb ölkələri Şimali Koreyaya qarşı ittihamları davam etdirməklə, bu gün keçirilən yığıncaqda BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı sanksiyaları genişləndirməsinə çağıracaqları gözlənilir. Müşahidəçilər isə bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq ediləcəyini düşünmədiklərini deyirlər.