Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Haaqada görüşüb


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan

Amerikalı həmsədr əmindir ki, dövlət başçıları problemin həllini tapmaq əzmindədirlər

Martın 24-25-də Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında qısa görüş olub. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.

Ceyms Uorlik iki ölkə prezidentinin görüşünü müsbət qiymətləndirir və əmindir ki, dövlət başçıları problemin həllini tapmaq əzmindədirlər.

Xatırladaq ki, Haaqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüb. Eyni zamanda hər iki ölkənin prezidenti ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdən bir neçə gün öncə, martın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki. Haaqa görüşündən sonra apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. “Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Gərək böyük sülh sazişinin üzərində işə başlayaq. Biz hansı istiqamətə getdiyimizi bilirik. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır”, Məmmədyarov qeyd edib.

O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü müəyyən vaxt var.
XS
SM
MD
LG