Accessibility links

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri aclıq edir


Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev

Azad Mursəliyev Mahir Abdullayevin oğurlanması ilə bağlı istintaq qrupundan narazıdır. Ailəsinə və qohumlarına qarşı təqiblərə son qoyulmasını tələb edir

2003-cü ildə oğurlanmış Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev yanvarın 22-də müddətsiz aclıq aksiyasına başlayıb.

Mursəliyev Amerikanın Səsinə bildirib ki, aclığa başlaması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib.

Onun üç tələbi var: “Mənim konstitusiya ilə müəyyən olunmuş sərbəst yerdəyişmə hüququm məhdudlaşdırılıb. 2013-cü ilin martında Mahir Abdullayevin oğurlanması üzrə Müstəqil İstintaq Komissiyası yaradıldıqdan sonra əsassız olaraq mənim ölkədən çıxmağım yasaq olunub. İkincisi Mahir Abdullayevin oğurlanmasından 10 ildən çox keçməsində baxmayaraq istintaqın hər hansı bir nəticəsi yoxdur, passiv mövqedə durur. Üçüncüsü isə şəxsən mənə, ailə üzvlərimə, xüsusilə dayım Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevə qarşı qanunsuz və repressiv hərəkətlərə son qoyulmasını tələb edirəm”, o qeyd edib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. M.Abdullayevin oğurlanması ilə bağlı istintaq indiyədək heç kimi məsuliyyətə cəlb etməyib. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi yüz min dollarlarla məbləğdə rüşvət faktları ilə bağlı xəlvəti çəkdiyi çoxsaylı videolar yayıb. Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib. 2013-cü ilin martında Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətindən sonra Mahir Abdullayevin oğurlanması üzrə istintaq işini aparmaq üçün Baş Prokuror yanında Müstəqil İstintaq Komissiyası yaradılıb.

Elşad Abdullayev qardaşının oğurlanmasında hökumətin yüksək vəzifəli şəxslərini günahlandırır.

Azad Mursəliyev 2013-cü ilin martında Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi təsis edib.
XS
SM
MD
LG