Accessibility links

İctimai Palata: Azad media təhlükə qarşısında


İctimai Palata
İctimai Palata

Azad mediaya təzyiqlər hakim ailəyə məxsus ofşor hesablarla bağlı informasiyalar yayıldıqdan sonra daha da artıb. Əsas hədəf “Azadlıq” və “Yeni Müsavat”dır

İctimai Palata azad mətbuata təzyiqlər və medianın müdafiəsi ilə bağlı dinləmələr keçirib.

Forumda mediaya, jurnalistlərə təzyiqlər, təqiblər, qəzetlərin səyyar satışına maneələr, məhkəmələr vasitəsi ilə azad medianı susdurmaq cəhdləri müzakirə edilib.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli təqib və təzyiqlərin əsasən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı yönəldiyini diqqətə çatdırıb.

“Məmur oliqarxlar bu iki qəzeti yüksək məhkəmə cərimələrlə susdurmaq istəyir. Artıq “Azadlıq” qəzetinin hesabına bir neçə gündür həbs qoyulub. Belə bir aqibət “Yeni Müsavat” qəzetini gözləyir. Qəzetlərə basqılar hakim ailəyə məxsus ofşor hesablarla bağlı informasiyalar yayıldıqdan sonra daha da artıb.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin ekstremal şəraitdə fəaliyyət göstərdiyini deyib.

“Azərbaycan iqtidarının dünya miqyasında ifşası gücləndikcə, iqtidar da bu ifşalara yer verən “Azadlıq” qəzetinə qarşı basqıları gücləndirib. Əliyevlər ailəsinin ofşor hesabları ilə bağlı yazılar qəzetdə dərc edilən günün səhəri qəzetin hesabına həbs qoyulması haqda məktub gəldi”.

“Yeni Müsavat” qəzetinə qarşı hazırda 12 məhkəmə işi var. Məhkəmələr iddiaları təmin edərsə qəzetin 3 milyon manat cərimə olunacaq. Qəzetə reklam verilməsinin qarşısının siyasi müdaxilələr yolu ilə alındığı qeyd olunub.
Müsavat Partiyası başqanı İsa Qəmbər azad medianın qorunmasını vacib adlandırıb.

Azad medianın qorunması üçün jurnalist təşkilatlarına, maddi dəstək üçün orta və kiçik biznes adamlarına, beynəlxalq qurumlara müraciət olunmasının vacibliyi bildirilib.
XS
SM
MD
LG