Accessibility links

Riçard Kazlariç: "Demokratiya və azad seçkilər daimi mübarizə tələb edir" [Video]


Riçard Kazlariç: "Demokratiya və azad seçkilər daimi mübarizə tələb edir"
please wait

No media source currently available

0:00 0:09:37 0:00
1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kazlariç Amerikanın Səsinə (www.AmerikaninSesi.org) verdiyi müsahibədə ölkədəki etiraz aksiyaları və eləcə də qarşıdan gələn prezident seçkilərindən danışıb. Sabiq səfir Azərbaycandakı iqtisadi inkişafdan və indiyədək keçirilən seçkilərin qeyri-demokratikliyindən söhbət açıb. Riçard Kazlariçlə müsahibəni sizə təqdim edirik:


Tapdıq Fərhadoğlu: Azərbaycandakı mövcud ictimai-siyasi, sosial-iqtisadi durum Amerikadan necə görünür?

Riçard Kazlariç: Mənə Azərbaycan haqqında danışmağa imkan yaratdığınıza görə təşəkkür edirəm. İlk öncə mən 20 yanvarda həlak olmuş azərbaycanlıların xatirəsini yad etmək istərdim. Mən bilirəm ki, onların xatirəsi Azərbaycan xalqı üçün nə qədər əzizdir. Mən 2002-ci ildən bəri Azərbaycanda olmamışam. Həmin vaxtdan bəri çox şey dəyişib. Azərbaycanda gündəlik baş verən hadisələr üçün mən özümü mükəmməl müşahidəçi saymıram. Mən azərbaycanlılarla, ora gedib gələn amerikalılarla danışıram. Xəbərləri və sosial medianı izləyirəm. İki şeyi deyərdim. Birincisi, Azərbaycan mən 1994-cü ildə səfir olduğum vaxtdan bəri ciddi iqtisadi irəliləyişə nail olub. Mən bu gün CNN-də İlham Əliyevin Davosdan verdiyi müsahibəsini dinlədim. Və o, da Azərbaycanın iqtisadi nailiyyətlərini qeyd etdi. Zənnimcə Azərbaycan bununla fəxr edə bilər. İkinci demək istədiyim odur ki, iqtisadiyyat sürətlə inkişaf etsə də , siyasi inkişaf, demokratiyanın, insan haqları situasiyanın durumu baxımdan çatışmazlıqlar var. Ona görə də vəziyyət qarışıqdır. Bir tərəfdən yaxşı iqtisadi proqres var, o biri tərəfdən demokratiya və insan haqları sahəsində görüləsi çox iş qalır.

Tapdıq Fərhadoğlu: Ölkədə qarşıdan gələn prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün yerli hakimiyyət və ictimaiyyət, dünyanın demokratik ictimaiyyəti nə etməlidir?

Riçard Kazlariç: Bu, 20 il öncə Azərbaycan müstəqillik qazanandan bəri problemdir. Demokratiya və azad seçkilər daimi mübarizə tələb edir. Demokratiyanı qurmaq işi heç vaxt dayanmır. Demək lazımdır ki, Azərbaycan bu sahədə ozünə layiq olan nöqtəyə çatmayıb. Bunun məsuliyyəti həm hökumət üzərinə düşür ki, o, demokratik seçkilərin keçirilməsini təmin etməlidir. Məsuliyyətin bir hissəsi də insanların üzrəinə düşür ki, onlar öz hökumətlərini azad və demokratik seçkilər keçirməyə vadar etsinlər. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət sivil cəmiyyətin inkişafı, normal siyasi partiyaların yaranması, azad media sahəsində səylərini dayandıra bilməz. Beynəlxalq ictimaiyyət Azərbaycan hökuməti və xalqı ilə təmaslarını davam etdirməlidir. Hər kəs azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün öz üzərinə düşəni etməlidir. 2013-cü ilə yaxınlaşdıqca bu, çox mühüm olacaq.

Tapdıq Fərhadoğlu: Azərbaycan müxalifətinin mövcud durumu seçkilərdə İlham Əliyevə rəqib kimi mübarizə aparması üçün bəs edirmi? Müxalifət qüvvələri seçkilərin azad keçirilməsi üçün daha hansı addımları atmalıdır?

Riçard Kazlariç: Yenə də, bunu mənim üçün demək çətindir, çünki mən Azərbaycanda olmamışam. Siyasi prosesin necə təkamül etdiyini bilmirəm. Yalnız onu deyə bilərəm ki, hökumət və müxalifət seçkilərdə rəqabət aparmalıdırlar. Demokratik prosesdə iştirakdan imtina etmək olmaz. Mən heç kimə tövsiyə verə bilmərəm. Azərbaycanda insanlar situasiyanı yaxşılaşdırmaq üçün çalışırlar və bu iş davam etməlidir.

Tapdıq Fərhadoğlu: İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanar? Artıq, Yeni Azərbaycan Partiyasının rəsmiləri İlham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürüləcəyini bəyan edib.

Riçard Kazlariç: Prezidentin neçə dəfə seçilməsi sualına konkret cavab vermək çətindir. Bizim bu yaxınlarda öz prezident seçkilərimiz oldu. Bizim Konstitutsiya prezidentin hakimiyyət dönəminə limit qoyur. Mən deyə bilmərəm ki, Azərbaycanda bu proses necə işləməlidir. Əsas odur ki, seçkilərdə iştirak edən hər bir namizəd onun demokratikliyini təmin etsin. İqtidar müxalifət partiyalarının televiziyada çıxış etməsinə, öz mesajlarını xalqa çatdırmasına imkan yaratsın. Ən mühümü odur ki, seçki prosesi azad və şəffaf olsun. Bu, Azərbaycanda əsas problem olub. Seçkilər demokratik keçirilməyib.

Tapdıq Fərhadoğlu: Azərbaycan Ziyalılar Forumu ölkədə yeni hərəkat yaradılacağını elan edib. Aparıcı müxalif qüvvələrini birləşdirəcək hərəkatın vahid namizədlə seçkilərdə iştirakı ölkədə yeni situasiya yarada bilərmi?

Riçard Kazlariç: Mən bu hərəkatla yaxından tanış deyiləm. Ziyalılar Forumunun mövcudluğundan agaham. Yeni hərəkatın meydana çıxması həmişə yeni suallar doğurur. Seçkilərdə nə qədər namizəd iştirak etməlidir? Bizim öz siyasi sistemimiz iki patiya, 2 namizəd arasında rəqabət üzərində qurulub. Başqa siyasi sistemlərdə daha çox partiyalar və namizədlər təmsil olunur. Müxalifətin birləşməsinə gəldikdə, mühüm olanı odur ki, növbəti prezidenti demokratik, rəqabətcil seçki prosesində qələbə çalmış olsun.

Tapdıq Fərhadoğlu: Siz Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfir olubsunuz. Azərbaycanın indiki ictimai-siyasi, iqtisadi-sosial durumunu da izləyirsiniz? Elə isə Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev prezidentliyi dövrlərində Azərbaycan gerçəkliklərini necə müqayisə edərdiniz?

Riçard Kazlariç: İndi siz mənə nə qədər qoca olduğumu xatırlatdınız. Zənnimcə onların hər biri fərqli idi. Hərəsi müxtəlif növ problemlərlə üzləşirdi. Mən Elçibəylə 1992-ci ildə görüşdüm. O zaman Azərbaycan yenicə müstəqiliyini qaanmışdı. Dağlıq Qarabağ uğrunda müharibə gedirdi. Mən Heydər Əliyevi də tanıyırdım. O, görkəmli bir adam idi. Bizim demokratiya və insan haqları barədə fikir ayrılıqlarımız var idi. Digər tərəfdən o, enerji resurslarının Qərbə açılmasında mühüm rol oynadı. Bu, Azərbaycan tarixində elə mühüm bir hadisə idi ki, hazırda İlham Əliyevin varlı ölkəyə rəhbərlik etməsinə şərait yaratdı. Təəssüf ki, Azərbaycanda insan haqlarına riayət iqtisadi inkişafla ayaqlaşmayıb.

Tapdıq Fərhadoğlu: Siz İsa Qəmbərin Lənkərana səfəri zamanı təzyiqə məruz qalmasını pisləyibsiniz? Amma, bu hadisəyə Amerika rəsmiləri hələ də münasibət bildirməyib. Nədən rəsmi Vaşinqton Azərbaycana qarşı münasibətində demokratiyanın inkişafı sahəsində enerji və təhlükəsizlik prioritetləri ilə müqayisədə ciddi nailiyyətlər əldə edə bilmir?

Riçard Kazlariç: Bizim Bakıdakı əla səfirimiz Riçard Morninqstar böyük diplomat, təcrübəli adamdır. O, əlindən gələn hər şeyi edir ki, ABŞ-ın xarici siyasət prioritetlərini təsmil etsin və demokratik prosesləri dəstəkləsin. Azərbaycanda baş vermiş iki olay məni çox narahat edib. Bunlardan birincisi jurnalist Xədicə ismayılın jurnalist olduğuna görə təqib olunması idi. İkincisi isə isa Qəmbərə edilən hücum idi ki, hesab edirəm ki, müasir Azərbaycanda belə şeylər baş verməməlidir. Söhbət bu adamların siyasi baxışlarından getmir. İnsanlar inancalarına görə fiziki hücuma, böhtana mərsu qalmamalıdırlar. Mən bilmirəm ki, ABŞ hökuməti bu kimi insidentlərlə bağlı hansı tədbirləri görür. Elə insidentlər var ki, onlar bizim heysiyyatımıza toxunur. Onda biz səsimizi ucaltmalıyıq. Mən sosial medianı sevirəm. Burada danışmaq asandır. Ona görə də mən öz hisslərimi paylaşdım. Belə şeylər Azərbaycanda baş verməməlidir. Biz bunları arxada qoymalıyıq.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG