Əfqanıstanın Daxili İşlər nazirliyi yaraqlıların ölkənin mərkəzində yerləşən Pərvan vilayətinin qubernatorunun iqamətgahına hücumu nəticəsində 19 adamın öldüyünü bildirir. 37 adamın xəsarət aldığı deyilir. Rəsmilərin bildirdiyinə görə, altı silahlı şəxs və intiharçıdan ibarət qrup Pərvan vilayətinin qubernattoru Əbdül Bəşir Salanginin iqamətgahının qarşısında maşını partlatdıqdan sonra binaya hücum edib. Hücum qubernator, yerli polis idarəsinin rəisi və NATO-nun iki məsləhətçisinin iştirakı ilə görüşün keçirildiyi zaman həyata keçirilib. Daxili İşlər nazirliyi bildirir ki, ölənlərin çoxu hökumət işçiləridir, beş nəfər polis zabiti də ölənlər arasındadır. Hücumun məsuliyyətini öz üzərinə Taliban götürüb. Pərvan vilayəti Əfqanıstan paytaxtı Kabilin 50 kilometrliyində yerləşir.