Accessibility links

Dövlət Departamenti İnsan Haqları üzrə hesabatı açıqlayıb


Bu gün Birləşmiş Ştatların Dövlət Departamenti İnsan haqları ilə bağlı vəziyyətə dair illik hesabatını açıqlayıb.

Hesabatı təqdim edən dövlət katibi xanım Kondoliza Rays ötən il ərzində dünyada insan hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təşkilatlarının hədələrlə üzləşdiyini, müstəqil fikirlərini ifadə edənlərin ədalətsiz qanunlar və siyasi silahlarla susdurulmağa çalışıldığını bildirib.

Xanım Rays hüquq müdafiəçilərini müdafiə etməyi dünya demokratiytalarının başlıca vəzifəsi kimi qeyd edib və bildirib ki, bu gün ABŞ diplomatiyasının əsas missiyası da budur.

Bu arada Human Rayts Votç Təşkilatı Birləşmiş Ştatların özünün insan hüquqları sahəsində göstəricilərinin aşağı olduğunu bildirib. Təşkilatın rəhbəri Kennet Rot deyir ki, "Birləşmiş Ştatlar hökumətinin digər ölkələri işgəncəyə görə günahlandırması çox çətindir, çünki Mərkəzi Kəşfiyyat İdarəsinin özü insanları işgəncəyə məruz qoyub”

Dövlət Departamentinin hesabatının giriş hissəsində bu iddialara xüsusi yer ayrılıb: “Biz anlayırıq ki, bu hesabatı Birləşmiş Ştatların özünün anti-terror fəaliyyətilə bağlı atdığı addımlarla əlaqədar insan hüquqları sahəsində göstəricilərinin sual altına alındığı bir vaxtda açıqlayırıq.

Birləşmiş Ştatlar xeyirxahlarımızın narahatlığına səbəb olan məsələlərə dair bizim beynəlxalq müqavilələrlə üzərimizə düşən öhdəliklərə uyğun olaraq tədbirlər görməkdə davam edəcək. Bizim demokratik sistemimiz ideal deyil, lakin məsuliyyətlidir. Vətəndaş cəmiyyəti, hökumətin müstəqil qanadları, azad media və qanunun aliliyi prinsipləri sistemi səhvləri düzəltməyə vadar edir”

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkənin insan hüquqları ilə bağlı göstəriciləri pis olaraq qalır. Əsas problemlər kimi, insanların parlament seçkiləri vasitəsilə qanunvericilikdə dəyişiklik etmək hüququnun məhdudlaşdırılması, polis idarələri və həbsxanalarda işgəncələr, siyasi həbslər, söz, toplaşma azadlıqları, eləcə də siyasi proseslərdə iştirak hüququnun pozulması halları göstərilib.

Hal hazırda ABŞ dövlət departamentində və konqresində görüşlər keçirmək üçün Vaşinqtonda səfərdə olan hüquq müdafiəçisi Murad Sadəddinovun sözlərinə görə, hesabat Amerika Birləşmiş Ştatlarının digər ölkələrlə münasibətlərini müəyyənləşdirərkəm insan hüquqları sahəsində istinad etdiyi sənəddir.

Hesabatda bildirilir ki, ötən il ərzində azı 3 nəfər həbsdə ikən işgəncələr nəticəsində dünyasını dəyişib. 40dan artıq adamın həbsdə ikən işgəncəyə məruz qaldığı, siyasi müxalifətin və jurnalistlərin oğurlanması halları da hesabatda xüsusi qeyd edilir. Murad Sadəddinov məlumatların reallığı əks etdirdiyini deyir.

Sənədin siyasi məhbuslar məsələsinə dair hissəsində Yeni fikir gənclər təşkilatının liderlərinin, jurnalist Mirzə Sakit Zahidovun həbsi xüsusi olaraq qeyd edilir.

Öncəki ilə nisbətən 2006-cı il ərzində daha az sayda jurnalistin polis tərəfindən zorakılığa məruz qalmasının müsbət hal kimi dəyərləndirildiyi hesabatda bildirilir ki, Bahəddin Həziyev, Fikrət Hüseynli və Nicat Dağlar da daxil olmaqla bir sıra jurnalistlərə qarşı hücumlar baş verib və onların istintaqı nəticə verməyib. Elmar Hüseynovun qatilinin tapılmaması da hesabatda əks etdirilib.

Cənab Sadəddinovun fikrincə hökumətin repressiyaları gənclər təşkilatlarını, media nümayəndələrini və ümumiyyətlə azad fikrini ifadə etmək iqtidarında olan hər kəsi hədəf alıb.

Hesabatda ötən ilin sonunda Milli teleradio şurasının ANS telekanalının lisenziyasını ləğv etməsi, Azadlıq, Amerikanın səsi və BBC radio proqramlarının müstəqil tele və radio şirkətlər vasitəsilə yayımının dayandırılması barədə söz açılır və bildirilir ki, ANS teleşirkətinin lisenziya məsələsi hələ də həll olunmamış qalır.

Dövlət Departamenti sənədin azad sözə və mediaya basqılar bölümündə Turan agentliyi və Azadlıq qəzetinin ofislərindən çıxarılmasını göstərir.

ABŞ Dövlət Departamentinin İranda insan hüquqlarının pozulmasına dair hesabatında azərbaycanlılara qarşı basqılar xüsusi olaraq qeyd edilib. May hadisələrindən sonra repressiya dalğasının gücləndiyi qeyd edilən sənəddə siyasi məhbuslar sırasında Abbas Lisaninin, Saleh Kamraninin və digərlərinin adı çəkilir. Azərbaycanlılara qarşı diskriminasiya halları, ana dilində təhsilin qadağan olunması, etnik hüquqlarını tələb edənlərin həbsə atıldığı və işgəncələrə məruz qaldığı hesabatda qeyd edilir.

XS
SM
MD
LG