İranın Gilan vilayətinin Rəşt şəhərində yaşayan milli fəal Vədud Əsədi martın 3-də Tehran İnqilab Məhkəməsinin Hökmlərin İcra Şöbəsinə müraciət etdikdən sonra saxlanılaraq Evin həbsxanasına köçürülüb.
O, məhkəmədən aldığı rəsmi çağırışa əsasən, cəzanın icrası üçün Tehran Ümumi və İnqilab Məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 1-ci hökmlərin icra şöbəsinə müraciət edib. Daha sonra o, Tehranın Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin çıxardığı hökmə əsasən həbs cəzasını çəkmək üçün Evin həbsxanasına aparılıb.
Azərbaycanlı fəal Vədud Əsədi Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi və hakim Əbülqasım Salavati tərəfindən 4 il həbs cəzasına məhkum edilmişdi.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, ilkin hökmə əfv tətbiq edilib və cəzası bir ilə endirilib. Daha sonra Vədud Əsədi məhkəmənin qərarına tabe olduğunu bildirərək apellyasiya şikayətindən imtina edib və cəzasının 9 aya qədər azaldılmasına nail olub.
Beləliklə, türk fəal Vədud Əsədi 9 ay müddətində Evin həbsxanasında həbsdə qalacaq.
Vədud Əsədi ötən il fevralın 6-da təhlükəsizlik qüvvələri tərəfindən yaşadığı şəhərdə saxlanılıb və eyni vaxtda həbs edilən digər fəallarla birlikdə Evin həbsxanasındakı 209 saylı təhlükəsizlik qüvvələrinin təcridxanasına aparılıb.
O, dindirilmə proseslərindən sonra həbsxananın ümumi bölməsinə köçürülüb və sonradan 800 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Forum