Azərbaycan 2024-cü il Korrupsiya Qavrama İndeksində (KQİ) cəmi 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub. Ölkə 2023-cü il göstəticisindən bir bal geriləyib.
Beynəlxalq Şəffaflıq Təşkilatının 2024-cü il Korrupsiya Qavrama İndeksi (KQİ) göstərir ki, korrupsiya dünyanın hər yerində təhlükəli problemdir, lakin bir çox ölkələrdə yaxşılığa doğru dəyişiklik baş verib.
“2012-ci ildən bəri 32 ölkə korrupsiya səviyyəsini əhəmiyyətli dərəcədə azaltsa da, hələ görüləsi çox iş var - 148 ölkə eyni dövrdə durğun vəziyyətdə qalıb və ya vəziyyət daha da pisləşib”, hesabatda qeyd edilir.
Sənədə görə, qlobal orta göstərici 100 mümkün baldan 43-dür, eyni zamanda ölkələrin üçdə ikisindən çoxu 50-dən aşağı bal toplayıb.
“Korrupsiyanın həyatı məhv etdiyi və insan hüquqlarını pozduğu ölkələrdə milyardlarla insan yaşayır”, hesabatda qeyd edilir.
Hesabatda deyilir ki, korrupsiya bəşəriyyətin hazırda üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi ilə sıx bağlıdır.
“Dünyada çoxlu sayda insan qlobal istiləşmənin ağır nəticələrindən əziyyət çəkir, çünki ölkələrə istixana qazı emissiyalarını azaltmaq və həssas əhalini qorumaq üçün nəzərdə tutulan vəsaitlər oğurlanır və ya sui-istifadə olunur. Eyni zamanda, yersiz təsir formasında korrupsiya iqlim böhranının həllinə yönəlmiş siyasətlərə mane olur və ətraf mühitə ziyan vurur”, KQİ-də qeyd edilir.
“Korrupsiya inkişaf etməkdə olan qlobal təhlükədir və inkişafa xələl gətirməklə yanaşı, demokratiyanın, qeyri-sabitliyin və insan hüquqlarının pozulmasının əsas səbəbidir. Beynəlxalq ictimaiyyət və hər bir dövlət korrupsiya ilə mübarizəni əsas və uzunmüddətli prioritet hesab etməlidir. Bu, avtoritarizmə qarşı geri çəkilmək və dinc, azad və davamlı dünyanı təmin etmək üçün çox vacibdir. Bu ilki Korrupsiya Qavrama İndeksində aşkar edilən təhlükəli tendensiyalar qlobal korrupsiya ilə mübarizə üçün indi konkret addımların atılmasının vacibliyini vurğulayır”, Beynəlxalq Şəffaflıq Təşkilatının sədri Fransua Valerian qeyd edib.
Beynəlxalq Şəffalıq Təşkilatı bildirir ki, Azərbaycanın 2024-cü il Korrupsiya Qavrama İndeksindəki göstəriciləri narahatlıq doğurur.
Ölkə 100 üzərindən cəmi 23 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub.
“Bu göstərici, Azərbaycanın ictimai institutlarda, hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində köklü korrupsiya ilə mübarizədə çətinlik çəkdiyini açıq şəkildə nümayiş etdirir. Hökumətin korrupsiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, son illərdə əhəmiyyətli irəliləyiş müşahidə olunmayıb. Bu isə şəffaflığın və hesabatlılığın təmin olunması üçün fundamental problemlərin həll edilmədiyini göstərir”, hesabatda qeyd edilir.
Milli Şuranın sədri Cəmil Həsənli 2024-cü il üçün dünya Korrupsiya İndeksində Azərbaycanın 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yerdə qərar tutmasını qeyd edərək, Azərbaycanı qonşu ölkələrlə müqayisə edib.
“Əvvəlki illə müqayisədə ölkə öz yerini bu sırada daha da möhkəmləndirib. Bu sırada biz İran, Honduras, Livan, Rusiya ilə eyni yerləri bölüşür və onlardan geridəyik. Amma bizim Cənubi Qafqazdakı qonşularımız olan Ermənistan bu siralamada 47 balla 63-cü və Gürcüstan isə 53 balla 53-cü yeri tutur. Yəni Azərbaycanda korrupsiyanın səviyyəsi Gürcüstandan 3 dəfə, Ermənistandan 2,7 dəfə yüksəkdir”, o, Facebook səhifəsində qeyd edib.
İqtisadçı Rövşən Ağayev Amerikanın Səsinə deyib ki, ölkədə korrupsiyanın səviyyəsini azaltmaq üçün hökumət ilk öncə hesabatlılıq və şəffaflıq standartlarının artırılması kimi vacib addımlar atmalıdır.
“Dövlət satınalmaları üzərində nəzarəti gücləndirmək lazımdır. Düzdür bu sahədə qanun qəbul edilib. Amma hələ də onlayn satınalmaların payı kifayət qədər yüksək deyil. Vətəndaş cəmiyyətinin nəzatəti gücləndirilməlidir. Yəni media və vətəndaş cəmiyyəti dövlət xərcləmələri üzərində effektiv nəzarət apamayana qədər problem həll olunmaycaq”, iqtisadçı qeyd edib.
Forum