Accessibility links

Almaniyanın Azərbaycandan rüşvət almaqda ittiham edilən keçmiş deputatlarının məhkəməsi başlayır


Eduard Lintner - Almaniyanın keçmiş deputatı
Eduard Lintner - Almaniyanın keçmiş deputatı

Yanvarın 16-da Münhen Ali Məhkəməsində Azərbaycandan rüşvət almaqda ittiham edilən Almaniya Bundestaqının keçmiş deputatlarının məhkəməsi başlayır.

Almaniyanın Xristian Demokrat İttifaqı və Xristian Sosialist İttifaqından olan keçmiş deputatlar Aksel Fişer və Eduard Lintner “Kürü diplomatiyası” kimi tanınan qalmaqal çərçivəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) lobbiçilik etmək üçün Azərbaycandan külli miqdarda rüşvət almaqda və digər korrupsiya hallarında ittiham edilirlər.

Münhen Prokurorluğunun istintaq məlumatlarına əsasən, 2010-2018-ci illərdə AŞPA üzvü olmuş Aksel Fişer Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovla qanunsuz əməkdaşlığa girərək nəğd ödəniş müqabilində Azərbaycanın maraqları naminə fəaliyyət göstərməyə, o cümlədən təlimatlara uyğun səs verməyə, müsbət çıxışlar etməyə, məxfi sənədləri vaxtından əvvəl ötürməyə razılaşıb. İttihamları qəbul etməyən Aksel Fişerin bunun müqabilində azı 26 min avro aldığı bildirilir.

30 ilə yaxın Almaniya Parlamentinin üzvü olmuş Eduard Lintnerin isə Azərbaycandan bir neçə milyon avro pul aldığı bildirilir. İstintaq məlumatlarına əsasən, Lintnerin iki şirkəti Azərbaycanın dövlət şirkətlərindən biri ilə müqavilə bağlayaraq, “xidmətlər” qarşılığında 2016-cı ilədək ofşor şirkətlər vasitəsilə ödənişlər əldə edib.

Eduard Lintner hadisələr baş verərkən artıq parlament üzvü olmasa da, onun digər deputatları, o cümlədən 2009-2021-ci illərdə Bundestaq üzvü olmuş Karin Ştrentsi rüşvət müqabilində oxşar fəaliyyətə cəlb etdiyi vurğulanır.

Pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edən Ştrents 2015-2016-cı illərdə AŞPA-da Azərbaycanın təlimatlarına uyğun olaraq səs verdiyinə görə 150 min avro rüşvət almaqda ittiham edilir.

2021-ci ildə qəfildən vəfat edən Karin Ştrentsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmasa da, ittiham tərəfi onun aldığı rüşvətin varisindən müsadirə edilməsini istəyir.

“Aksel Fişer və Karin Ştrentslə bağlı prokurorun tapıntıları həqiqətən inanılmazdır. Azərbaycan rejiminin Bundestaq deputatlarını korrupsiyaya uğratması Almaniya üçün böyük biabırçılıqdır. Məhkəmə işi aysberqin görünən hissəsidir”, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin hazırkı rəhbəri Frank Şvabe deyib.

Azərbaycanın avropalı parlamentarları və digər rəsmiləri korrupsiya yolu ilə lobbiçiliyə cəlbetmə məsələsi “Kürü diplomatiyası” və “Azərbaycan landromatı” araşdırmalarından sonra diqqət çəkməyə başlayıb.

Münhen Prokurorluğu Almaniya Federal Kriminal Polisi ilə birgə 4 il ərzində istintaq işləri aparıldığını, Bundestaq üzvlərinin ofisləri də daxil olmaqla, 20-yə yaxın obyektdə axtarış aparıldığını bildirib.

Almaniya ilə yanaşı xaricdə də istintaq işləri aparılıb, Azərbaycan da daxil olmaqla, 15 ölkəyə iş üzrə təhqiqat sorğusu göndərilib.

Məhkəmə prosesinin fevralın 13-də yekunlaşacağı gözlənilir.

Forum

XS
SM
MD
LG