Accessibility links

Traktor klubu Azadi stadionundakı hadisələrlə bağlı bəyanat verib


Traktor klubunun yeni loqosu
Traktor klubunun yeni loqosu

Traktor Futbol Klubu bu gün Azadi stadionunda Persepolis komandası ilə keçirilən oyunda baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Klubun rəsmi veb saytı və yarı-rəsmi İSNA xəbər agentliyində yayımlanan bu bəyanatın əvvəlində Traktor komandasının üzvlərinə qarşı təhqirlər, əşyaların atılması, eləcə də ev sahibi komandanın azarkeşləri tərəfindən "irqi və etnik təhqirlərin" edildiyi vurğulanıb və "stadionda yaranmış ab-havanın ev sahibi komandanın rəhbərliyi və azarkeşlər birliyi tərəfindən təşkil edildiyi" iddiası irəli sürülüb.

Bəyanatda bildirilib ki, ev sahibi komandanın azarkeşləri "90 dəqiqə ərzində irqi və etnik təhqirlər səsləndiriblər".

Traktor klubu bəyanatda Persepolis azarkeşlərinin irqi və etnik təhqirləri məzmununda şüarlar səsləndirdiklərini qeyd etməklə yanaşı, oyunun təşkilinə, turnir təşkilatçılarına, hakimliyə və mediaya da iradlarını bildirib.

Traktor klubu Tehrandakı oyununda baş verən hadisələr qarşısında medianın susqunluğunu tənqid edərək bunu xəbərlərin işıqlandırılmasında qərəz və qeyri-obyektivliyin açıq nümunəsi kimi qiymətləndirib. Klub bildirib ki, "əgər bu hadisələrin cüzi bir hissəsi belə Təbrizdə baş versəydi, aparıcılardan tutmuş bütün məsul şəxslərə və media nümayəndələrinə qədər hər kəs onu böyütmək üçün birləşərdi. Amma indi hamı susur!"

Bəyanatda oyunun təşkilatçıları "qaydasızlıq və əxlaqsızlıq"da ittiham olunublar və klub bəyan edib ki, təşkilatçılar oyunun idarə olunması və Persepolis azarkeşlərinin nəzarətdə saxlanması işində zəif çıxış ediblər.

Bəyanatda həmçinin oyunların idarə edilməsindəki ikili standartlara işarə edilib və klub Təbriz və Tehrandakı rəsmilərin davranışlarındakı fərqlərə diqqət çəkərək, bu davranışları "ədalətsiz və tərəfkeş" olaraq qiymətləndirib.

Bəyanatda qeyd olunub: "İki komanda arasında Təbrizdə keçirilən ilk oyun ən sakit şəraitdə, tam təhlükəsizlik və rahatlıq içində keçirilib. Hətta Persepolis azarkeşlərinin az sayda nümayəndələri Yadigar-i İmam stadionunda (Səhənd) heç bir problem olmadan iştirak edib. Futbol ictimaiyyətinə elan edirik ki, bu gərginliyi ilk olaraq hansı komandanın başlatdığını və münaqişənin kökünün harada olduğunu unutmasınlar".

İran mediası Traktor klubunun rəsmi İnstagram səhifəsinə istinad edərək, bu klubun Liqa Təşkilatı və Futbol Federasiyasının İntizam Komitəsinə şikayət ərizəsi verdiyini açıqlayıb. Klub Tehranın Persepolis komandasının azarkeşlərinin təhqiramiz və nalayiq davranışlarına dair bütün sənədlərin toplanıldığını bildirib.

Eyni zamanda, Persepolis klubu da bəyanat yayaraq, Traktor azarkeşlərinin onların azarkeşlərinə hücum etdiyini iddia edib. Persepolis klubu Traktor komandasını "liqanın xüsusi komandalarından biri" adlandırıb və bildirib: "Ümid edirik ki, qurban cəzalandırılmaz, xüsusilə də bəzi xüsusi komandalar məsələyə qarışdığı zaman. Hər halda, Persepolis və onun azarkeşləri bu cür haqsızlıqlar ilə tanışdırlar".

Traktor klubu bəyanatının sonunda xəbərdarlıq edib ki, əgər Persepolis azarkeşlərinin "irqi təhqirləri və azarkeşlərə və oyunçulara əşyaların atılmasına" dair videolar FİFA-ya göndərilsə, klub keçirəcəyi matçlarda azarkeşlərindən uzun müddət məhrum edilə bilər.

Hazırda Traktor klubunun rəhbərliyi məsələni beynəlxalq Futbol qurumlarına deyil, yalnız ölkədaxili futbol qurumlarına təqdim edib.

Forum

XS
SM
MD
LG