Accessibility links

Traktor klubunun sahibi: Öz şəhərimizdə öz dilimizdə danışa bilmirik?


Təbrizli biznesmen Məhəmmədrza Zunuzi
Təbrizli biznesmen Məhəmmədrza Zunuzi

Son günlərdə “ATA Hava Yolları”nın uçuşlarında sərnişinlərin türkcə qarşılanması və bunun ölkənin rəsmi dilinə zidd addım olduğu iddiası ətrafında sosial mediada istifadəçilər arasında geniş müzakirələr aparılıb. Bu məsələyə “Traktor Klubu”nun və ATA Hava Yollarının sahibi Məhəmmədrza Zunuzi münasibət bildirib.

İran mətbuatının verdiyi məlumata görə, Zunuzi, qalxma və enmə nöqtəsinin Təbriz olduğu ATA uçuşlarında sərnişinlərin fars və ingilis dilləri ilə yanaşı, türkcə də qarşılandığını təsdiqləyib. O, bu məsələyə qarşı yönələn tənqidlərə cavab olaraq bildirib: “Biri sosial mediada və bəzi medialarda yazıb ki, separatizm ATA-dan başlayıb. Niyə insanlara bu cür damğa vuraraq onları narazı edirsiniz?"

Zunuzi, hava limanında sərnişinlərin türkcə qarşılanması ilə bağlı reaksiyalara tənqidi yanaşaraq sual verib: “Biz öz şəhərimizdə türkcə danışa bilmirik?” O, bu addımı separatizm kimi görənlərin yanıldığını vurğulayıb və əlavə edib: “İranı müxtəlif etnik qruplar birgə formalaşdırıb. Biz separatçı deyilik, əksinə, bu davranışlarınızla siz bəzi insanların sui-istifadəsinə yol açırsınız.”

Müzakirələr, X sosial şəbəkəsində bir istifadəçinin ATA reyslərində türkcə qarşılanmanı separatizm kimi dəyərləndirdiyi paylaşımı ilə başlamışdı. Həmin paylaşımda qeyd olunurdu ki, iki həftədir ki, sərnişinlərin reyslərdə türkcə [Azərbaycan türkcəsi] qarşılanması prosesi aparılır. Lakin Zunuzi bu ittihamları qətiyyətlə rədd edərək, damğa vuranlara sərt şəkildə “separatçı sizin atanızdır” -deyə cavab verib.

Ata Hava Yollarının sahibi, həmçinin ölkə mediasına və İran Futbol Federasiyasına qarşı da tənqidlər səsləndirib. O, “Traktor” klubuna qarşı ayrı-seçkiliyin olduğunu bildirib. Zunuzi, bundan əvvəl də dəfələrlə komandanın oyunlarının milli televiziya vasitəsilə canlı yayımlanmamasını və Futbol Federasiyasının ədalətsiz qərarlarını da tənqid etmişdi.

Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi, klubuna qarşı ayrı-seçkilik olduğunu iddia edərək, İran Futbol Federasiyası və media qurumlarına kəskin tənqidlər yönəldib. "Niyə bir şəhər komandasının [Traktor] hazırda İranda ən populyar komanda olduğunu qəbul etmirsiniz? Niyə bu reallığa qarşı gəlmək istəyirsiniz? Bunları etməkdənsə, bizə qoşulun və bu potensialdan istifadə edin. Mən sizin hərəkətinizin səbəbini bilmirəm. Lakin məntiqli səbəbiniz olmadığına əminəm.” -deyə, o qeyd edib.

İranda futbol federasiyasının və medianın komandasına qarşı sərgilədiyi yanaşmanı tənqid edən azərbaycanlı biznesmen bildirib k, "Federasiyadan tutmuş radio və televiziyaya, digər mediaya qədər onların imkanları var, bizdə isə yoxdur. Nə qədər xərcləsək və keyfiyyətli oyunçular cəlb etsək də, yenə də komandamızın başını alırlar."

O, rəsmi radio və televiziya verilişlərində çıxış edən ekspertlərin də "əvvəlcədən müəyyən olunmuş qaydada rəy verdiklərini" irəli sürərək əlavə edib: "Biz pul xərcləyirik ki, cənablar istədikləri nəticəni çıxarsın."

Əslən Təbrizdən olan və bir neçə şirkətin sahibi olan azərbaycanlı iş adamı Zunuzi, Traktor klubunun ölkənin rəsmi və qeyri-rəsmi mediası və həmçinin futbol federasiyası tərəfindən layiq olduğu dəyəri almadığını iddia edərək bu qurumların fəaliyyətinə qarşı ciddi narazılığını ifadə edir.

Forum

XS
SM
MD
LG