Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasına zərurətin olmadığını onun səhhətində problemlərin olması və ibtidai istintaqın başa çatması ilə əsaslandırıb.
Bundan əlavə vəkil qeyd edib ki, istintaq müddətində İsmayılov polis nəzarətində olub və polisə getməkdən yayınmayıb. Bundan əlavə, ciddi sağlamlıq problemləri var və 7 cərrahiyyə əməliyyatı keçirib.
Zibeydə Sadıqova məhkəmə prosesində jurnalistin özünün də iştirak etdiyini bildirib.
“Proses zamanı İsmayılov bildirib ki, jurnalist fəaliyyətinə görə həbs olunub, istintaqda ona irəli sürülən ittihamlar isə sübuta yetirilməyib. “Ölkədən çıxmamışamsa, necə qaçaqmalçı ola bilərəm", vəkil Fərid İsmayılovun məhkəmədə dediklərinə istinad edib.
Buna baxmayaraq məhkəmə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Yanvarın 17-də Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında jurnalist Fərid İsmayılov barəsində polisin nəzarətinə verilmə tədbirini dəyişərək 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. 2024-cü il martın 6-dan istintaq orqanı Fərid İsmayılov barəsində polisin nəzarətinə verilmə imkan tədbiri seçmişdi.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.
"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (o zaman polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunub.
2025-ci il yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Forum