Təbriz şəhərində yaşayan azərbaycanlı fəal Əsgər Fuladzadə təhlükəsizlik qüvvələri tərəfindən dindirilmək üçün kəşfiyyat idarəsinə çağırılıb. Onun çağırılma səbəbləri hələlik məlum deyil.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri yanvarın 21-də günorta saatlarında telefonla Əsgər Fuladzadə ilə əlaqə saxlayaraq ondan yanvarın 25-i, şənbə günü idarəyə gəlməsini tələb ediblər.
Milli fəal təhlükəsizlik agentlərinə bildirib ki, onların bu tələbi qanunsuzdur və məhkəmə orderi olmadan dindirilməyə getməkdən imtina edir.
Son günlərdə İranda türk fəalların telefon vasitəsilə təhlükəsizlik orqanları tərəfindən çağırılması, təhdid və təzyiqlərə məruz qalması halları artmaqdadır.
Belə ki, son günlərdə Tehranda və Sulduzda da bir neçə fəalın dindirilmək üçün çağırıldığı bildirilib. Həmçinin, sosial şəbəkələrdə yayılan bəzi məlumatlara görə, İran Azərbaycanının bir neçə şəhərində də təhlükəsizlik qurumları azərbaycanlı fəalları dindirilmək üçün təcridxanaya çağırıb.
Əsgər Fuladzadə daha əvvəl də dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq təzyiqlərə məruz qalıb. O, azərbaycanlı fəalların siyasi məhbusları dəstəkləmək məqsədilə başladığı "açıq məhkəmə" kampaniyasına qoşularaq dəstəyini ifadə etmişdi.
Forum