Yanvarın 22-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi hakim Natiq Əliyevin sədrliyi ilə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovu 8 il həbsə məhkum edib.
Bundan başqa, məhkəmə jurnalistlə birlikdə təqsirləndirilən Əli Hacıyev barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Vəkil Zabil Qəhrəmanov deyib ki, Ərşad İbrahimovun əməlində hədə-qorxu tələbi ilə bağlı hər hansısa bir cinayət tərkibi yoxdur.
“İbrahimov jurnalist fəaliyyətinə görə həbs edilib. O qanunsuzluqlar barədə məqalə çap edib. Bundan sonra ona pul təklif ediblər ki, məqaləni nəşrin səhifəsindən çıxarsın. Burada isə hədə-qorxu ilə tələbetmə cinayətinin tərkibi yoxdur. Məhkəmədə zərərçəkmiş kimi tanınan şəxslər bildirdi ki, onların şikayəti yoxdur. Onları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıb deyiblər ki, şikayət yazsınlar. Əgər bu şəxslər zərərçəkmiş olsalar özləri şikayət yazardılar. Onların özləri şikayət yazmayıb. Şikayəti onlara yazdırıblar”, vəkil qeyd edib.
Vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fəaliyyət göstərən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov 2023-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalist 2021-ci ildə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunub.
O Cinayət Məcəlləsinin 282.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə ittiham edilib.
İbrahimov və Əli Hacıyev ittihamı qəbul etmir, jurnalist fəaliyyətinin qarşısını almağa yönəldiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Ərşad İbrahimov vətəndaşların çoxsaylı şikayətləri əsasında saxlanılıb.
Ərşad İbrahimov bundan öncə 2014-cü ildə pul tələb etmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib.
Apellyasiya Məhkəməsi həbs müddətini 10 ilə, Ali Məhkəmə isə beş ilə endirib.
Jurnalist əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.
Forum