Təbrizdə kitab nəşri sahəsində fəaliyyət göstərən "El Bilimi" və "Evdə Al" adlı iki mədəniyyət qurumu "Savalan İgidləri" və "Yaşmaq" Azərbaycan nəşriyyatlarının tanıdılması üçün tədbir keçirib.
Bu barədə Təbrizdəki həmin qurumların İnstagram səhifələrində məlumat yayılıb. Tədbirdə yazıçı və jurnalist Əlirza Sərrafi "Savalan İgidləri" nəşriyyatının sahibi Əmmar Əhmədi, türkcə kitabların nəşri sahəsində tanınan şəxslərdən Əlirza Əqdəmi Baher, Saleh Səccadi, Rza Hüseyni Bəqanam, "Yaşmaq" nəşriyyatının sahibi Səid Muğanlı və Nəvid Məhəmmədi çıxış ediblər.
Tədbirdə azərbaycanlı mədəniyyət fəalları kitab qiymətlərinin artması, cəmiyyətdə kitab oxuma vərdişlərinin təbliği ilə bağlı problemlər və xüsusilə türkcə kitabların İranda nəşr olunması sahəsində çətinliklər barədə narahatlıqlarını ifadə ediblər.
Tədbirin məruzəçilərindən olan şair və tədqiqatçı Saleh Səccadi İranın Mədəniyyət Nazirliyinin türkcə kitabların yazı qaydalarına dair "qeyri-məntiqi təlimatlarını" tənqid edib. O, nazirliyin verdiyi təlimatların türk dilində yazılmış mətnlərin dil strukturuna ziyan vurduğunu bildirərək, nəşriyyatlar və mədəniyyət fəallarını bu vəziyyətə ciddi etiraz etməyə çağırıb.
Səccadi qeyd edib ki, yeni təlimatlara əsasən, naşirlər türkcədə bütün alınma sözləri alındığı dildə olduğu kimi yazmağa məcbur edilirlər. O, farscadan türkcəyə keçmiş bəzi sözləri misal göstərərək, nazirliyin bu sözlərin ərəb əlifbasında türkcə orfoqrafiyasına uyğun yazılmasını deyil, fars yazı qaydalarına uyğunlaşdırılmasını tələb etdiyini bildirib.
Səccadi vurğulayıb ki, “cüzi ünsürlər ümumi qaydalara tabe olmalıdır və əksinə deyil, yəni alınma sözlər türk dilinə uyğunlaşdırılaraq istifadə olunmalıdır.” O əlavə edib ki, hər hansı söz bir dilə daxil olduqda, həmin dilin fonetik və fonoloji xüsusiyyətlərini mənimsəyir və həmin dilə uyğun formada dəyişdirilir. "Əgər bir sözü əsli kimi yazsaq, mətnin və şeirin strukturu və ritmi pozulur,"- deyə o əlavə edib.
Səccadi həmçinin özünün “Dədə Qorqud” kitabının farscaya tərcüməsi üçün çap icazəsi almaq prosesində üzləşdiyi çətinliklərdən danışıb. O bildirib ki, İran İslami İrşad Nazirliyi bu kitabın nəşrini “nəşr qaydalarına zidd” ünvanı altında rədd edib. Daha sonra bəzi "İranşəhri düşüncəsini" dəstəkləyən şəxslərin nazirliyə məktublar göndərərək, Dədə Qorqud əsərinin İran mədəniyyətinə aid olmadığını və pantürkist mesajlar ehtiva etdiyini iddia etdiklərini öyrəndiyini bildirib.
Buna baxmayaraq, müəyyən şəxslərin vasitəçiliyi ilə kitabın ilk nəşrini böyük çətinliklə həyata keçirdiklərini qeyd edib. Lakin kitabın ikinci nəşri üçün başqa bir nəşriyyat vasitəsilə müraciət ediləndə nazirliyin yenidən eyni səbəblə onun çapına mane olduğunu bildirib.
İran Azərbaycanında mədəni fəallar, yazarlar və nəşriyyatçılar türkcə kitabların nəşri və lisenziyalaşdırılmasında üzləşdikləri problemləri uzun müddətdir tənqid edirlər. Məsələn, keçən il iyul ayında tədqiqatçı Seyid Cavad Miri bəzi kitablarının illərlə lisenziya ala bilmədiyini qeyd etmişdi.
Urmiyəli nəşriyyatçı Bəhram Əsədi isə türkcə uşaq kitabının lisenziyası üçün müəllifdən türk dilinin Azərbaycanın ana dili olmadığını yazmasının tələb edildiyini bildirmişdi. O, bunu assimilyasiya cəhdi kimi qiymətləndirmişdi.
Şərqi Azərbaycan İrşad İdarəsinin rəis müavini Həsən Goli kitablara lisenziyanın "İran Azərbaycanının türkcəsi" və "Təbriz ləhcəsi" ilə uyğunluq əsasında verildiyini bildirib. Lakin mədəni fəallar və nəşriyyatçılar türkcə əsərlərə tətbiq olunan senzuranın və nazirliyin müəyyən etdiyi dil meyarlarının türk dilinə ziyan vurduğunu vurğulayırlar.
Forum