Şərqi Azərbaycan İrşad İdarəsinin direktoru Məhəmmədhüseyn Bəlaği son 20 ayda Azərbaycan türkcəsində 509 kitabın nəşr olunduğunu iddia edib.
İran mediası bu məlumatın idarənin türkcə kitabların nəşrinə maneələr yaratdığına dair iddialara cavab olaraq verildiyini bildirir.
Bəlaği deyib ki, "Son vaxtlar türkcə kitablara nəşr icazəsinin verilməsi prosesi ilə bağlı şübhələr yaranıb. İdarə olaraq bu şübhələrə cavab vermək məqsədilə statistik məlumatlarla türkcə kitabların dəstəkləndiyini göstərmək istəyirik."
O əlavə edib ki, İslam Mədəniyyəti və İrşad İdarəsi türkcə kitabların nəşrinə mane olmur, əksinə, prosesə dəstək verir. Lisenziya prosesinin uzanmasını isə məzmunun dərin təhlili ilə əlaqələndirib və bəzi hallarda bu müddətin aylarla davam edə biləcəyini bildirib.
Buna baxmayaraq, İran Azərbaycanındakı mədəni fəallar türkcə kitabların lisenziyalaşdırılması prosesində ciddi maneələrlə üzləşdiklərini bildirirlər. Son aylarda sosial mediada fəallar bu çətinlikləri kəskin tənqid ediblər. Məsələn, tədqiqatçı Seyid Cavad Miri öz Telegram kanalında bəzi kitablarının illərlə lisenziya ala bilmədiyini qeyd edib.
Urmiyəli nəşriyyatçı Bəhram Əsədi də bu mövzu ilə bağlı narazılığını sosial mediada yaydığı bir yazı ilə bildirib. O, türkcə uşaq kitabının lisenziyası üçün İdarə tərəfindən müəllifdən kitabın müqəddiməsində türk dilinin Azərbaycanın ana dili olmadığını və bölgənin əsas dilinin "azəri" olduğunu yazmasının istənildiyini açıqlayıb. Əsədi bu tələbi assimilyasiya cəhdi kimi qiymətləndirərək, uşaqların şüuruna zərərli ideyaların yeridilməsinə çalışıldığını vurğulayıb.
Şərqi Azərbaycan İrşad İdarəsinin rəis müavini Həsən Goli daha əvvəl bildirmişdi ki, lisenziya verilməsində əsas meyar "İran Azərbaycanının türkcəsi" və "Təbriz ləhcəsi" ilə uyğunluqdur. Beləliklə, "İran azəri dili" ilə bağlı ölkədə rəsmi bir dil akademiyasının mövcud olmaması səbəbindən, kitablara nəşr icazəsinin verilməsi prosesində fərdi fikirlər və subyektiv meyarların tətbiq edildiyinə dair şübhələr də artır.
Mədəni fəallar və nəşriyyatçılar İrşad İdarəsinin tətbiq etdiyi senzura və nəzarət sistemindən narazıdırlar. Onların fikrincə, türkcə əsərlərə tətbiq olunan "İran azəri dili" meyarları, əsərlərin məzmununa ciddi təsir göstərir və orijinal terminologiyaya müdaxilə edir.
Forum