Şair, yazar və Urmiyədə fəaliyyət göstərən “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi İranda türkcə kitablara qarşı tətbiq edilən ağır senzura haqqında açıq məktub yayımlayıb.
Bəhram Əsədi Yaz nəşriyatının Telegram kanalında paylaşdığı məktubunda xüsusilə İbrahim Rəisi dönəmini türkcə kitab nəşrinin ən bərbad dönəmi kimi qiymətləndirib.
Əsədi keçən iki il ərzində Yaz nəşriyyatı tərəfindən çapa hazırlanmış kitablara tətbiq edilən senzura nümunələrini açıqlayıb. Onun bildirdiyinə görə, İranın Mədəniyyət və İrşad Nazirliyi bir çox kitabda istifadə edilən kəlmələrin “İstanbul türkcəsində” olduğunu irəli sürərək onlara çap icazəsi verməyib.
Cənab Əsədinin məktubunda yerləşdirdiyi nümunələrdə mədəniyyət nazilriyinin ekspertləri, o cümlədən dilin adına “türkcə” yerinə “azəri” və ya “azərbaycanca” ifadələrinin işlədilməsini və Urmiyə şəhərinin adının farscadakı tələffüzü ilə yazılmasını tələb ediblər. Nazirliyin göndərdiyi bir bildirişdə Urmiyə kəlməsini türk tələffüzü ilə yazanlar separatçı adlandırılıb.
“Bu nümunələrin hamısı Mədəniyyət və İslami İrşad Nazirliyinin keçən iki il ərzində bizdən istədiyi düzəlişlərdən ibarətdir. Bunların hamısı Yaz nəşriyyatına göndərilən bildirişlərdir. Digər türk naşirlər də bu qaydadan istisna edilmir. O naşirlər də öz mülahizələrinə uyğun olaraq bənzər sənədləri nəşr edib və ya etməyə bilərlər” deyə Yaz nəşriyyatının müdiri bildirib.
Əsədinin paylaşdığı sənədlərə görə, çapa hazırlanmış “Dahilik və Yetənəklər” adlı kitabın adı, eləcə də, kitabda istifadə olunan “bütünləşdirmək”, “qar çiçəyi”, “uçaq” və “ayaq izləri” kimi ifadələrin “İstanbul türkcəsi” olduğu önə çəkilərək dəyişdirilməsi istənilib.
Nazirlik həmçinin bir şeir toplusundan “Azərbaycan” adlı şeirin çıxarılmasını tələb edib.
“Şeirin tamamı silinməlidir. Orada istifadə edilən məzmunlar mili birliyə qarşıdır. O cümlədən, şair ölkə yerinə bir vilayəti vətən adlandırmaq istəyir,” İranın mədəniyyət nazirliyinin Yaz nəşriyyatına göndərdiyi bildirişində yazılıb.
Bəzi sənədlərdə isə türkcə kitabların ön səhifələrinin fars dilində yazılması tələb olunub.
Nazirlik Yaz nəşriyyatının çap icazəsi istədiyi bir neçə kitabın tamamında düzəlişlər aparılmasını tələb edib. O cümlədən bir nümunədə yazılıb ki, “kitabın tamamında İstanbul türkcəsində olan kəlmələr bundan öncəki kitablar üçün müəyyən edilmiş qaydada kitabdan çıxarılmalı və Azərbaycanın yerli kəlmələri ilə dəyişdirilməlidir.”
Bəzi kitablar üçün isə mədəniyyət nazirliyinin müəyyənləşdiyi açıqlamaların əlavə edilməsi tələb olunub. O cümlədən, bir uşaq kitabı üçün göndərilən düzəliş bildirişində yazılıb ki, “bu kitabın uşaqlar üçün hazırlandığını nəzərdə tutaraq, tarixi və mədəni həqiqətlərin açıqlanması üçün ön söz qismində yazılmalıdır ki, türkcə Azərbaycanın doğma dili deyil. Azərbaycanın doğma dili İrani dillərdən olan azəri dilidir və türkcə təqribən son 4-5 əsrdə Azərbaycanın dominant dili olub.”
Mədəniyyət və İslami İrşad Nazirliyinin müxtəlif kitablar üçün tələb etdiyi düzəlişlər siyahısında “alqış”, “geyim”, “mürgüləmək”, “doğru-düzgün”, “öyrənmək”, “genəl”, “sıra”, “duyğu”, “davranmaq”, “doğa”, “üst keçid”, “öyrətmən”, “sağlam”, “fırça”, “diş məcunu”, “simgə”, “göy qurşağı”, “çevrə”, “ölçüt”, “özgürlük”, “yoxsul”, “bölüm”, “ön söz”, “anlayış”, “sınamaq”, “başlanğıc”, “yeni il”, “il bayramı”, “yemək”, “durum” və “qayğı” kimi çox sayda kəlmə və ifadənin “İstanbul türkcəsi” olduğu önə çəkilərək silinib və ya dəyişdirilməsi istənilib.
Forum