20 Yanvar - Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Bazar ertəsi ölkə prezidenti, hökumət üzvləri, Milli Məclisin deputatları, dipolomatik korpusların təmsilçiləri, müxalifət liderləri, ictimaiyyətin on minlərlə nümayəndəsi 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.
Şəhidlərin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb, qatarlar, avtomobillər, gəmilər fit verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatında deyilir ki, 35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı qanlı qətliam törədilib.
“1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet Ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü”, sənəddə qeyd edilir.
Bəyanatda bildirilir ki, 20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, "bu qanlı qətliam, xalqın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu”.
Sənəddə vurğulanır ki, Azərbaycanın müstəqillik tarixinə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə Azərbaycan xalqı "dövlətinin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlara can sağlığı arzu edir”.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, 20 Yanvar Azərbaycan xalqının kütləvi qəhrəmanlıq günüdür.
“20 Yanvar Sovet imperiyasının azadlıq mübarizəsinə qalxmış Bakını yenidən işğal etdiyi gün! 20 Yanvar xalqımızın müstəqillik uğrunda mübarizəsinin zirvəsi! 20 Yanvar Azərbaycan xalqının məğlubedilməzliyinin, yenilməz ruhunun təntənəsi! Şəhidlərimizi hörmətlə anırıq, onlara Allahdan rəhmət diləyirik!”, o, Facebook səhifəsində qeyd edib.
Forum