Accessibility links

Azərbaycan Mərkəzi Bankında 2025-ci ilin ilk valyuta hərracı keçirilib


Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin ilk valyuta hərracı keçirilib.

AMB-nın məlumatına görə, hərracda tələb 73.5 mlilyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, ötən il AMB-də keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.

Bundan əlavə bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil edib.

AMB qeyd edir ki, bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 8.3 milyon dollar azdır.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% və ya 653.5 milyon dollar azalıb.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, valyuta hərracları formal xarakter daşıyır.

“Həftədə iki dəfə keçirilir. Əvvəlcədən nə qədər tələb olunduğu bilinir və banklar iştirak edir. Satan isə Mərkəzi Bankdır. Dövlət büdcəsindən manat şəklində pulları transfer etmək üçün Neft Fondundan ayrılan valyutanı hərraclar vasitəsilə manata çevirib dövlət büdcəsinə ötürməklə məşğuldur. Yəni bu formal xarakter daşıyır. Adı hərrac olsa da. Orada hərrac qaydaları işləmir. Zaman zaman tələbatın gah artdığını, gah da aşağı düşdüyünün şahidi oluruq”, o qeyd edib.

Natiq Cəfərli hərracda manatın ortaçəkili məzənnəsinin 1,7000 səviyyəsində formalaşına da münasibət bildirib.

Onun sözlərinə görə 2016-cı ildən bəri Azərbaycanda sabit məzənnə rejimidir və inzibati yolla tənzimlənir.

“Məzənnənin sabit qalmasının müsbət və mənfi tərəfləri də var. Ən ciddi mənfi tərəflərindən biri odur ki, məzənnə sabit olsa da, bu 7 ildir davam edir “, ekspert qeyd edib.

Xatırlatma

2015-ci ilin fevralın 21-i və və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Onda problemli kreditlərin həcminin artdığı və 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. Lakin Azərbaycan Prezidenti 2019-cu il fevralın 3-də fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman vermiş və bundan sonra problemli kreditlər kəskin azalmağa başlamışdı.

Forum

XS
SM
MD
LG