Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-dək uzadılıb.
Bu barədə Azərbaycanın Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-dək uzadılıb.
Karantin rejiminin müddətinin uzadılması koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əlaqələndirilir.
Ümumilikdə Azərbaycanda xüsusi karantin rejimi COVID-19 pandemiyasının başlandığı zamandan, 2020-ci ilin martından tətbiq edilir.
Prezident İlham Əliyev bu il sentyabrın 23-də yeni seçilmiş VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında xüsusi karantin rejiminin uzadılması səbəbindən quru sərhədlərinin bağlanmasının təhlükəsizlik riskləri ilə bağlı olduğuna işarə edib.
“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”, ölkə prezidenti qeyd edib.
Bununla yanaşı quru sərhədlərinin bağlı olması müxalifət və bir sıra müstəqil təhlilçilər tərəfindən tənqid edilir.
Siyasi şərhçi Elman Fəttah bir qədər əvvəl hökumətin quru sərhədləri milli təhlükəsizlik səbəbi ilə bağlı saxlamasını manipulyasiya hesab edib.
Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.
Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyədə təhlükə təşkil etmədiyini elan edib.
Forum