Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də təcridxanada “Toplum TV” nin təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib.
“Görüşdən sonra mənimlə əlaqə saxlayan Fəxrəddin bəy bildirdi ki, Ələsgər bəyin səhətində problemlər artıb. Bildirdi ki, onunla görüşəndə Ələsgər bəy halsız idi. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətləndi. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Daxili orqanlarındakı ağrılar qidalanmasına əngəl yaradır. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Gah çox yüksəyə qalxır, gah da kəskin enir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb”, Məmmədli qeyd edib.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır.
Nəsimi Məmmədli qardaşının son günlər ürəyində də problemlər yarandığını deyib.
“ Ələsgər bəy təqsirsiz olsa da qanunsuz həbsə məhkum edilib və
10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Ölkənin olduqca mədəni, savadlı, peşəkar bir aydın insanına qarşı açıq aşkar hüquq terroru törədilir. Təəssüf ki ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib. Bu hüquqsuzluğu durdurmağa gücümüzün çatmamasından sui-istifadə edənlər təkəbbürlə öz qanunsuz əməllərini genişləndirir”, Nəsimi Məmmədli əlavə edib.
Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Noyabrın 27-də Xətai Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib. Məhkəmə online formatda keçirilib.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.
Martın 6-8-də “Toplum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Forum