İranın prezidentinin parlament işləri üzrə nümayəndəsi Şəhram Dəbiri, Prezident Məsud Pezeşkianın rəhbərliyi altında hökumətin parlamentdən "İffət və Hicab Qanunu"nun tətbiqinin hələlik dayandırılmasını xahiş etdiyini bildirib. Onun sözlərinə görə, Prezident Pezeşkian hökuməti bu qanunun dəyişdirilməsi üçün parlamentə islahatyönümlü layihə təqdim etməyi planlaşdırır. Dəbiri əlavə edib ki, hökumət hazırda "İffət və Hicab Qanunu" ilə bağlı islahat layihəsi üzərində işləyir və bu layihəni yaxın vaxtlarda parlamentə göndərəcək.
Lakin bu qanunun tərəfdarı olan bəzi parlament üzvləri qanunun artıq təsdiq edildiyini və icra olunmalı olduğunu bildirirlər. İran mediasına açıqlama verən millət vəkili Əmirhüseyn Bankipur deyib ki, "'İffət və Hicab Qanunu' Nəzarət Şurası tərəfindən təsdiqlənib və qanun şəklinə salınıb. Əgər hökumət qanunda dəyişiklik etmək istəyirsə, bu yalnız qanunun icrasının başlanmasından 6 ay sonra mümkündür."
Bir başqa millət vəkili Həsənəli Əxlaqi isə Şəhram Dəbirinin açıqlamalarına reaksiya verərək deyib ki, "İffət və Hicab Qanununun bu ayın sonlarında hökumətə təqdim olunması planlaşdırılsa da, parlamentin bu həftə bağlı olması səbəbindən qanun gələcək həftə hökumətə təqdim ediləcək."
Buna baxmayaraq, millət vəkili Əkbər Rəncbərzadə iddia edir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu qanunun icrasını müvəqqəti olaraq dayandırıb. Onun sözlərinə görə, şura hələ qanunun icrası ilə bağlı müddəti müəyyən etməyib. "İffət və Hicab Qanununun icrasının nə vaxta qədər dayandırılacağını dəqiq bilmirəm, amma şura bu qanunun tətbiq edilməməsini müvəqqəti olaraq tələb edib" -deyə, millət vəkili bildirib.
Bir neçə gün əvvəl millət vəkili Məcid Nəsirpur da bu qanunun parlamentin ümumi iclasında təsdiq olunmadığını vurğulayaraq xüsusi komissiyada təsdiqlənməsinə tənqidlə yanaşmışdı. O, "bu cür mühüm bir məsələ parlamentin ümumi iclasında müzakirə edilməli idi və qanunun yalnız xüsusi bir komissiyada qəbul edilməsi düzgün deyildi." -deyə bildirmişdi.
Şərqi Azərbaycan vilayətində yerləşən Sarab şəhərinin millət vəkili olan Nəsirpur həmçinin bu qanunun icrasının cəmiyyət ilə hakimiyyət arasında qarşıdurma yarada biləcəyindən danışıb.
"Ümid edirəm ki, parlament, hökumət və qanunun icrasına cavabdeh olan qurumlar səbrli davranacaq və xalqla qarşıdurmaya səbəb olan addımlar atmayacaq. Əgər xalq müqavimət göstərərsə, bu, ölkə üçün ağır nəticələr doğuracaq və ölkənin mənafeyinə uyğun olmayacaq" -deyə, Sarab millət vəkili ifadə edib.
İffət və Hicab qanun layihəsi İbrahim Rəisinin prezidentliyi dövründə parlamentin xüsusi bir komissiyası tərəfindən hazırlanıb. Daha sonra Nəzarət Şurasına göndərilib və bəzi düzəlişlərdən sonra təsdiq edilib. 74 maddə və 5 fəsildən ibarət olan qanunun tam adı "İffət və Hicabın Təbliği ilə Ailənin Dəstəklənməsi Qanunu"dur. Qanunun dekabrın 13-də icra olunması planlaşdırılsa da, bu həyata keçirilməyib.
İranın hazırkı prezidenti Məsud Pezeşkian parlamentdə Təbriz millət vəkili olduğu zaman bu qanuna qarşı olduğunu bir neçə müsahibəsində bildirmişdi. Onun fikrincə, hicab şəxsi davranış məsələsidir və qanun vasitəsilə insan davranışını dəyişmək mümkün deyil.
2022-ci ilin ölkə üzrə yayılan etiraz aksiyalarından sonra bəzi qadınlar, hicab qaydalarına riayət etmədən ictimai yerlərdə görünürlər. Bu davranış, məcburi hicab qaydalarına qarşı etiraz və mülki itaətsizlik forması kimi qiymətləndirilir. Lakin qadınların bu cəsur addımı polisin müdaxiləsi və hüquqi məsuliyyət riski ilə müşayiət olunur.
Hərçənd ki, sözügedən qanun məcburi hicab qanununa qarşı çıxan qadınlara qarşı daha da sərt və ciddi tədbirləri nəzərdə tutur, lakin hətta bu qanun dəyişdirilsə və ya tətbiq edilməsə belə, hazırda İran qadınları geyim tərzi ilə bağlı geniş məhdudiyyətlərlə üzləşirlər. Qadınların geyim azadlığı ilə bağlı vəziyyətin yaxşılaşmasına dair ölkə üzrə hələ də aydın və parlaq bir perspektiv yoxdur.
Forum