Accessibility links

İranın polis rəisinin müavini 'Nur planı'nın davam etdiriləcəyini bildirib


Hicab taxmayan iranlı qadınlar qələbə işarəsi göstərirlər, 13 iyun 2024, Tehran.
Hicab taxmayan iranlı qadınlar qələbə işarəsi göstərirlər, 13 iyun 2024, Tehran.

İranın polis rəisinin müavini Sərdar Qasım Rzayi Qəzvin vilayətinin təhlükəsizlik şurasının iclasında bildirib ki, hökumətlərin dəyişməsi Nur planının həyata keçirilməsində axsama yaratmayacaq.

Yarı-rəsmi ISNA xəbər agentliyinin məlumatına görə, Qasım Rzayi deyib: “Müəyyən cinayətlərlə məşğul olmaq polis qüvvələrinin təbii vəzifələrindən biridir. Bizi dalğalar əsir götürməyəcək, bizim iffət və hicab sahəsində hüquqi və şəriət öhdəliyimiz var”.

Nur Planının dayandırıla bilməyəcəyinə işarə edən Rzayi bu plana vilayətin təhlükəsizlik şurasının dəstəyinin vacibliyini vurğulayıb.

Bu yüksək rütbəli polis məmuru həmçinin iddia edib ki, cinayətin cəzası ölkədə cinayətlə düzgün nisbətdə deyil və qanunlar lazımi çəkindirici təsirə malik deyil. O hesab edir ki, bu məsələ polisin gücünü də şübhə altına alır.

Polis məmurunun açıqlamalarını tənqid edən bəzi fəallar bu bəyanatların niyə Məsud Pezeşkianın seçki kampaniyasında Nur planına qarşı olduğunu bildirdiyi zaman verilmədiyini və andiçmə mərasimi ərəfəsində dilə gətirildiyini sual edərək tənqid edirlər.

Həm İran parlamentində Təbrizin nümayəndəsi kimi fəaliyyət göstərərkən, həm də seçki kampaniyası zamanı Məsud Pezeşkian polisin məcburi hicab taxmayan qadınlara qarşı sərt rəftarına qarşı olduğunu açıq şəkildə bəyan edib.

İslam Respublikasının qanunlarına görə, polis qüvvələri İslam Respublikasının rəhbərinə tabedir; o, baş komandan olaraq polis qüvvələrinə nəzarət edir, beləliklə, hökumətin polis qüvvələrinə nəzarət etmək gücünə şübhə ilə yanaşılır.

İranda vilayətlərin təhlükəsizlik şurası Milli Təhlükəsizlik Şurasının tabeliyindədir və vali bu şuranın rəhbəridir. Vilayətin İslam İnqilabı Keşikçiləri Korpusu komandiri, hərbi və polis qüvvələrinin komandirləri, vilayətin təhlükəsizlik qüvvələrinin rəhbəri və İnqilab Məhkəməsinin prokuroru bu iclasda iştirak edən rəsmilər arasında olub.

Forum

XS
SM
MD
LG