Accessibility links

Meydan TV-nin əməkdaşının apellyasiya şikayəti təmin olunmayıb


Aysel Umudova( Meydan TV-nin jurnalisti)
Aysel Umudova( Meydan TV-nin jurnalisti)

Dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində "Meydan TV işi” ilə bağlı həbs olunan jurnalist Aysel Umudova barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, məhkəmə jurnalistin həbs edilməsi barədə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Şikayətimizdə göstərmişdik ki, əgər məhkəmə hesab eləsə ki, həbs qətimkan tədbirlərini ləğv eləməyə əsaslar yoxdur, ev dustaqlığı ilə əvəz olunsun. Məhkəmə nə qərarı ləğv etdi, nə də alternativ qətimkan tədbiri seçdi. Qərar qüvvədə qaldı”, vəkil qeyd edib.

Aqil Layıc bu günki məhkəmə prosesində Aysel Umudovanın iştirak etdiyini bildirib.

Vəkil qeyd edir ki, jurnalist qaçaqmalçılıqla bağlı ittihamları rədd edərək, onun heç bir qaçaqmalçılıqla əlaqəsi olmadığını və həbsini jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

Aysel Umudovanın səhhətinə gəldikdə, vəkil hazırda jurnalistin səhhətinin stabil olduğunu deyib.

“Dünən axşam yenə də onda panik atak baş qaldırıb. Amma məhkəmədə bu gün vəziyyəti stabil idi. İstintaq nəzarətində olan zaman iki dəfə ona təcili yardım gəlmişdi”, vəkil əlavə edib.

Dekabrın 13-də “Meydan TV”nin digər jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılacaq.

“Meydan TV işi”

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG