Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandakı vəziyyətlə bağlı narahatlıq ifadə edərək hökuməti Avropa dəyərlərinə sadiq qalmağa və Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etməyə çağırıb.
Noyabrın 29-da Lüksemburqda keçirilən iclasında AŞPA-nın Daimi Komitəsi Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları dondurması qərarının ölkədə qanunun aliliyinin möhkəmləndirilməsi və demokratik institutların fəaliyyəti üçün zəruri olan islahatların həyata keçirilməsinə ciddi təsir göstərə biləcəyi qeyd edilib.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarını elan etməsindən sonra Tbilisidə minlərlə insan etiraz aksiyasına çıxıb. Polis küçələrə çıxan etirazçıları dağıtmaq üçün su şırnaqları, bibər qazı və gözyaşardıcı qazdan istifadə edib, 40-dan çox etirazçı saxlanılıb.
“Assambleya Tbilisidə bu qərara etiraz olaraq keçirilən dinc nümayişlərin qəddarlıqla yatırılmasını ifadə və toplaşmaq azadlığı kimi əsas hüquqların pozuntusu kimi qətiyyətlə pisləyir”, AŞPA-nın bəyanatında vurğulanır.
Assambleya saxlanınan nümayişçilərin əksəriyyətinin sovet dövründən qalan mübahisəli İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən ittiham olunduğunu narahatlıqla qeyd edərək bu qanunun Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı çağırışlarını xatırladıb.
Bəyanatda qeyd edilir ki, bu narahatlıq doğuran hadisələr seçicilərin “təhdidlərdən və əsassız təzyiqdən azad şəkildə şüurlu seçim etməsi” üçün zəruri şərtlərin təmin edilmədiyi bir şəraitdə keçirilən 26 oktyabr parlament seçkiləri fonunda xüsusilə qorxuludur.
Noyabrın 28-də Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı yeni parlament seçkilərinin beynəlxalq nəzarət altında keçirilməsini tələb edən qətnamə qəbul edib. Bundan sonra Baş nazir İrakli Kobaxidze rəsmi Tbilisinin 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan edib.
Forum