Accessibility links

Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina edir


Georgia Election
Georgia Election

Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı yeni parlament seçkilərinin beynəlxalq nəzarət altında keçirilməsini tələb edən qətnamə qəbul edib. Bundan sonra Baş nazir İrakli Kobaxidze bəyan edib ki, rəsmi Tbilisi 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina edir.

“Son parlament seçkilərindən sonra Gürcüstanda demokratiyanın ağırlaşan böhranı və seçki saxtakarlığı” adlı sənədin lehinə 444, əleyhinə 72 deputat səs verib, 82 deputat isə bitərəf qalıb.

Qətnamədə qeyd olunub ki, “seçkilərin legitimliyi ciddi şəkildə pozulub” və səsvermə zamanı qeydə alınan pozuntular “Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun gəlmir”, “beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımamalıdır”.

“Seçkilərin geniş yayılmış saxtakarlığı ilə bağlı hesabatlar seçki prosesinin bütövlüyünü, nəticələrin legitimliyini, hər hansı yeni hökumətin etimadını sarsıdır və gürcü xalqının iradəsinin etibarlı əksi kimi xidmət etmir”, sənəddə deyilir.

Bununla əlaqədar olaraq, Avropa Parlamenti seçkilərin "istənilən tanınmanı" rədd edərək, bir il ərzində təkrarlanmasına çağırıb. Avropa Parlamentinin əksər üzvlərinin fikrincə, yeni seçki prosesi “yaxşılaşdırılmış seçki mühitində” və “həqiqətən ədalətli və şəffaf seçki prosesini təmin etmək üçün ciddi beynəlxalq nəzarət altında” baş tutmalıdır.

Avropa Parlamentinin deputatları həmçinin Avropa Komissiyasını və Aİ Şurasını “demokratik idarəçilik və azadlıqlar sahəsində Aİ standartlarına əməl edilmədiyi” hesab edilsə, Gürcüstanın vizasız statusunu dayandırmaq imkanını yenidən nəzərdən keçirməyə çağırıb.

Qətnamə həmçinin Aİ-ni “demokratiyadan geri çəkilməyə, seçki qanunları və standartlarının pozulmasına, inzibati sui-istifadələrə və dövlət təsisatlarından sui-istifadəyə görə cavabdeh olan” Gürcüstan rəsmilərinə və siyasi liderlərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır. Onların arasında Baş nazir Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze, həmçinin keçmiş Baş nazir və oliqarx Bidzina İvanişvili də var.

Noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyası 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini rəsmən təsdiqləyib. Komissiyanın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası demək olar ki, 54 faiz səs qazanaraq parlamentdəki 150 mandatdan 89-nu əldə edib.

Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları müşahidəçilər tərəfindən aşkar edilən yüzlərlə pozuntu və səsvermənin gizliliyi ilə bağlı məsələlərə görə seçkinin nəticələrini tanımayıb. MSK və “Gürcü Arzusu” hər hansı saxtakarlığı inkar edir.

Forum

XS
SM
MD
LG