Sosioloq və siyasi fəal Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə son vaxtlar İranın siyasi mühitində tez-tez səsləndirilən pan-türkizm ifadəsi haqqında danışıb. Qarabağlı pan-türkizm ifadəsinin İran Azərbaycanında mədəni hüquqlar uğrunda və ayrı-seçkiliyə qarşı mücadilə edən fəalları susdurmaq üçün bir damğa olduğunu vurğulayıb.
Son vaxtlar İran mediası və siyasi mühitində anti-türk açıqlamalar əvvəllərlə müqayisədə daha sıx səsləndirilməyə başlayıb. Keçən həftələrdə, o cümlədən Ata Hava Yollarının Təbriz uçuşlarında türkcə “xoşgəldin” deyilməsi pan-türkizm təbliğatı kimi qiymətləndirib. Həmçinin İran mətbuatında bəzi dövlət qurumlarında vəzifəyə təyin olunan və ya təyin olunacağı gözlənilən şəxslər pan-türkist olmaqda ittiham olunur.
“Məncə bu son zamanlarda pan-türkizm etiketi və damğasının daha da artması və İran mediasında, sosial mediada, xəbər saytları və İranlı qəzetçilər tərəfindən daha çox işlədilməsi əslində Pezeşkianın prezident seçilməsi ilə bağlıdır... Pezeşkianı prezident olmadan öncə keçmişdəki fəaliyyətləri və açıqlamaları səbəbilə pan-türkizmdə günahlandırırdılar. İndi də onun prezident olmasından sonra bir təhdid hiss edirlər və insanlara pan-türkist damğası vurmaları Pezeşkiana qarşı bir reaksiyadır,” Vahiq Qarabağlı deyib.
Qarabağlı pan-türkist etiketinin insanları susdurmaq üçün gündəmə gətirildiyini vurğulayır.
“İranda heç bir tərif də ortaya qoymurlar ki, bu pan-türkizm nədir. Pan-türkizmi sanki aşırı milliyyətçilik kimi təqdim edirlər. İranda hakim olan o təkdilli hegemonluğu dəstəkləyən mərkəziyyətçi qüvvələr bundan istifadə edirlər ki, Azərbaycanda mədəni haqlar uğrunda fəaliyyət edən və ayrı-seçkilikləri sorğulayan fəallara stiqma vurub və damğalayalar, onların fəaliyyətlərini legitimsizləşdirələr və eyni zamanda da kriminallaşdıralar. Onlar düşünürlər ki, bu ittihamı tez-tez işlədərək insanları susdurmalıdırlar”, o bildirib.
Siyasi fəal keçmiş illərdən bəri pan-türkizm ittihamının önə sürüldüyü nümunələrə diqqət çəkərək, türk dili uğrunda fəaliyyət göstərənlərə, türkcə təqvim çıxaranlara, türkcə kitab nəşr edən, türkcə kitab sərgisi təşkil edənlərə məhkəmələrdə pan-türkist damğası vurulduğunu deyib.
“Ən son nümunəsi də Təbrizdə Ata Hava Yollarında türkcə xoşgəldin deyildiyi üçün şirkəti pan-türkizmdə ittiham ediblər. Bu söyləm bir növ türklüyü əzmə və basdırma mexanizmidir. Türklüyə qarşı olan başqa söyləmlər də var. Məsələn irqçi zarafatlar var, türkləri qeyri-insaniləşdirib aşağılamaq üçün. Pan-türkizm də onun başqa növüdür. Hədəf İranda türk dili, türklərin mənfəətlərini və Azərbaycanda olan ayrı-seçkilikləri dilə gətirənlərə stiqma vurmaq və legitimsizləşdirməkdir. Məhkəmələrdə də bunu işlədirlər, insanlara bu adla həbs cəzası verirlər. Mediada da işlədirlər ki, biri bir vəzifəyə gəlmək istəyirsə, onu susdursunlar. Bir qəzetçi yazı yazırsa, onu etibardan salsınlar.”
Qarabağlının fikrincə, pan-türkizm kimi ittihamlar insanları susdurmaq üçün gündəmə gətirilsə də, “irqçi söyləmlərə qarşı təpkilərin artmasına” səbəb olur.
“İranda bir söyləm var ki, türklərə deyirlər, siz türk deyilsiniz, siz azərisiniz və sadəcə diliniz türkləşib. Buna etiraz olduğu zaman ki, bizim dilimiz türkcədir, özümüz də türkük, o zaman bu insanlara da pan-türkist damğası vurulur. Amma, insanlar da təbii olaraq buna dirəniş göstərir. Çünki, burada bir irqçi söyləm var. Yəni, mən bu irqçi söyləmlərin uğurlu olacağını düşünmürəm. Çünki, nə qədər ki, bu basqılar var, onun qarşısında da müqavimət var. Məsələn biz görürük ki, kino sahəsində fəaliyyət göstərənlər basqılara rəğmən türkcə filmlər çəkməyə davam edirlər. Azərbaycanda türk kimliyini, türk dilini və türklərin haqlarını müdafiə üçün mübarizə edirlər”, o əlavə edib.
Forum