Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi ATA Hava Yollarının Təbriz hava limanında reyslər zamanı Azərbaycan türkcəsində qarşılanma cümlələrinin səsləndirilməsini dəstəklədiyini bildirib. O, bu addımın dil müxtəlifliyinin qorunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Bərgi həmçinin ölkədə türklərə qarşı təhqiredici davranışları qınayıb və rəsmi mediada türklərin mənfi təsvir edilməsinə qarşı mübarizə aparılmasının vacibliyini qeyd edib.
Sosial mediada yayımlanan video-görüntülərə görə, Bərgi Şəhər Şurasının açıq iclasında çıxış edərək, ATA Hava Yollarının Təbriz reyslərində türk dilində qısa salamlama cümlələrinin səsləndirilməsinə dair yaranan mübahisələrin xalqın əsas problemi olmadığını, əsəs məsələnin ölkə təyyarələrinin köhnəlmiş olması olduğunu irəli sürüb.
Təbriz hava limanında Azərbaycan türkcəsində qarşılama təşəbbüsü Məhəmmədrza Zunuzinin rəhbərlik etdiyi hava yolları şirkəti tərəfindən həyata keçirilir və dil müxtəlifliyinin təbliği kimi qiymətləndirilir. Lakin son vaxtlar bəzi sosial media istifadəçiləri bu addımı kəskin şəkildə tənqid edərək onu etnosentrizm və separatizm təbliğatı kimi qiymətləndiriblər.
Mövzu daha çox Traktor futbol komandasının problemlərini müzakirə edən müsahibədə Zunuzinin bu məsələyə sərt reaksiya verməsi ilə gündəmə gəlib. O, şirkətinin bu təşəbbüsünü ölkə konstitusiyasına uyğun hesab etdiyini bildirmişdi.
Son günlərdə bəzi yerli media saytları İran Hava Yolları şirkətinin sözçüsü Cəfər Yazarluya istinad edərək, türk dilində qarşılama praktikasının qadağan edildiyinə dair xəbərlər yayımlayıblar. Bu xəbərlərdə Fars və İngilis dillərindən başqa dillərdə qarşılamaların qadağan edildiyi iddia olunsa da, xəbərlər qısa müddət sonra saytlardan silinib və rəsmi mediada bu barədə heç bir məlumat yer almayıb.
Hazırda Təbrizdə həmin şirkətin sərnişinlər üçün hələ də türk dilində anonslar verib-vermədiyi aydın deyil. Rəsul Bərgi isə bu müzakirələr fonunda diqqəti İran Hava Yollarının texniki problemlərinə və təyyarələrin köhnəlməsinə yönəldib. O, təyyarələrin köhnə olması səbəbindən bəzi yüksək vəzifəli rəsmilərin uçuşlardan imtina edərək yerüstü nəqliyyatdan istifadə etdiyini bildirib və xalqın əsas probleminin hansı dildə qarşılandığından çox aviasiya donanmasının texniki vəziyyəti olduğunu qeyd edib.
Bərgi həmçinin İranın dövlət radio və televiziya kanallarında türklərə qarşı təhqiramiz çıxışların davam etdiyini qeyd edərək, bu təhqirlərin qarşısını almaq üçün rəsmi qurumların məsuliyyət daşıdığını vurğulayıb.
İran azərbaycanından olan jurnalist və milli fəallarından olan İbrahim Rəşidi (Savalan) İnstagram səhifəsində Təbriz hava limanında türk dilində qarşılama ilə bağlı müzakirələrə dair münasibət bildirib. O, ölkədə türk dilinə qarşı olan qorxunun mövcudluğunu qeyd edir.
Rəşidi qeydində ölkədə "türkcəfobiya"nın sosial məsələ olduğunu irəli sürərək yazıb: “İranda ən çox yayılmış ksenofobiya növlərindən biri türkcəfobiyadır ki, onu türkofobiya adlandırmaq olmaz. Çünki türk dili danışmayan türkün nəinki qorxusu yoxdur, həm də onların sevimlisinə çevrilir."
Hələ ki, İran Hava Yolları və ya digər rəsmi mənbələr tərəfindən bu məsələyə dair rəsmi açıqlama verilməyib.
Forum