İran Azərbaycanının müxtəlif şəhərlərində türk dil haqları fəalları məktəblərin açılması fonunda türkcə kitablar paylayıblar.
Güney Azərbaycan Televiziyası (Günaz TV), Araz News xəbər saytı və sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, fəallar keçən dörd gün ərzində Ərdəbil, Urmiyə və Təbriz kimi şəhərlərin məhəllələri və məktəblərin önündə uşaqlara kitablar hədiyyə ediblər.
Sosial şəbəkələrdə paylaşılan xəbərlərdə fəalların kitab paylama kampaniyaları ilə türk dilində təhsil qadağasına etiraz etdikləri bildirilib.
Mədəni fəallar bir neçə ildir Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, habelə Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərləri və Tehranda kitab paylama kampaniyaları təşkil edirlər.
Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində türk dili tədris edilməyib.
İslam Respublikası dövründə rəsmilər dəfələrlə türk dilinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib.
2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk dil haqları müdafiəçisi nəzarət altına alınıb, eləcə də həbs və sürgün cəzaları ilə qarşılaşıb.
Forum