İran Azərbaycanı, Gilan, Tehran və Əlburz vilayətlərindən olan və 8 aydan artıq məhkəmə qərarı olmadan Tehranın Evin həbsxanasında saxlanılan çox sayda türk fəal bu yaxınlarda 3 ildən 13 ilə qədər həbs cəzasına məhkum olub.
İnsan haqları vəkili Sina Yusufi Amerikanın Səsi ilə söhbətində Tehran İnqilab Məhkəməsinin sözügedən fəalların işinə baxmaq səlahiyyətinə sahib olmadığını ifadə edib.
Keçən fevral ayının 5-7 tarixlərində nəzarət altına alınıb, daha sonra Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın fəal “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlar ilə mühakimə olunublar.
Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi Araz Əman, Bağır Hacızadə və Ayaz Seyfxaha 13 il, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim və Murtəza Pərvinə 6 il, Səid Minayi, Hüseyn Piri və Salar Tahir Afşara 5 il, Vədud Əsədiyə 3 il 6 ay, Kəmal Nuri və Süleyman Məhəmmədiyə isə 3 il həbs cəzası verib. Bu fəalların bir neçəsi daha əvvəl mülki zəmanətlə azadlığa buraxılıb, digərlərinin həbsi fevral ayından bəri davam edir.
“Bu məhkəmə işi demək olar ki, o özəl işlər sırasında yerləşir. Çünki, cəzaları çox ağır olub. Demək olar ki, neçə ilin ərzində Azərbaycanda milli fəallara görə belə ağır dosye olmamışdı. Həmçinin bu iş bir sıra ümumi və geniş basqıların davamında olub və tamamilə sistemli bir mühakimə idi,” Sina Yusufi söyləyib.
Hüquqşünas Tehran Məhkəməsinin sözügedən fəalların işinə baxmaq səlahiyyətinə sahib olmadığını vurğulayıb:
“Bu məhkəmənin məşruiyyəti, yəni qanuni əsası yoxdur. Çünki, məhəlli səlahiyyət mövzusu vardır ki, bir qanunsuzluğun baş verdiyi bölgədə o bölgənin məhkəməsinin o işə baxmağa səlahiyyəti vardır. Bu işdə qanun Tehran məhkəməsini səlahiyyətli görmür. Yəni, o məhkəmənin o dosyeyə baxması qeyr-qanuni bir hadisə olub. Bu məhəlli səlahiyyət məsələsi o qədər əhəmiyyətlidir ki, hər hansı bir mərhələdə diqqətə alına bilər və qərarın pozulmasına səbəb ola bilər. Bu fəallar da fəaliyyətlərinə görə tutublarsa, ayrı şəhərlərdə fəaliyyət ediblər. Qanuna görə, ilk tutulanlar hansı şəhərdə saxlanılınlarsa ki, düşünürəm, ilk həbslər Təbrizdə baş verib, o zaman Təbrizdə bir məhkəmənin buna baxmağa səlahiyyəti olar.”
Yusufinin sözlərinə əsasən, fəalların işinə baxan məhkəmənin səlahiyyət problemindən əlavə, fəalların nəzarətdə saxlanılma müddəti, məruz qaldıqları ittihamlar, eləcə də verilən cəzalar ilə bağlı ciddi problemlər mövcuddur.
“Başqa bir problem bunların indiyə qədər nəzarətdə qalmasıdır. Bir şəxsi niyə nəzarətə alırlar? Onun üçün ki, sorğu-sual və ilkin təhqiqat aparılsın. Sonra, nəhayə iş məhkəməyə gedəndə, bunlar nəzarətdən azad olmalı idi. Bu nəzarət müvəqqəti olmalıdır, daimi olsa yəni ki, bunlara hökm verilmədən o hökmü icra ediblər. Bunlar da 9 aya yaxındır nəzarətdədir və bu da qeyri-qanunidir,” insan haqları vəkili bildirib.
Sina Yusufi həmçinin fərqli şəhərlərin sakini olan və bəziləri həbsdən öncə yaxından görüşməmiş olan fəallar haqqında “toplaşma və əlbir olma” ittihamının yersiz və qanunsuz olduğunu önə çəkib.
Fəalların çoxunun məruz qaldıqları ittihamlara qanunda nəzərdə tutulmuş ən ağır cəza verilib. Sina Yusufinin sözlərinə görə, “bir önəmli məsələ də budur ki, əgər hakim ən ağır cəzanı verərsə ki, fəalların çoxuna ən ağır cəzanı verib, qanuna görə, bu hökmdə qeyd edilməlidir ki, hansı səbəbdən ən ağır cəza verilib. Bu səbəblər qeyd olunmayıb və zatən belə səbəblər də yoxdur ki qeyd olunsun. İttihamlara belə dəlil yoxdur ki, ən ağır cəzaya dəlil olsun.”
Forum