Accessibility links

İctimai fəal Nicat İbrahim həbsinə etiraz olaraq 11 gündür aclıq edir


Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)
Nicat İbrahim (Mənbə: Sosial şəbəkə)

İctimai fəal Nicat İbrahim barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Sentybarın 9-da Nəsimi rayon Məhkəməsi fəal barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib. Nicat İbrahim "qanunsuz həbsinə" etiraz olara saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında oktyabrın 5-dən açlığa başlayıb.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Sentyabrın 6-da ictimai fəal Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.

“Ailəmlə birgə Kişinyova gedirik. İndi ailə üzvlərim sərhədi keçib, amma sərhəd xidməti 2020-ci ilin iyunundan mənim ölkədən çıxışıma Daxili İşlər Nazirliyinin “stop” qoyduğunu bildirir. Belə ki, 2020-ci ildə etiraz aksiyası keçirən zaman məni koronavirus yaymaq ittihamı ilə 15 ay həbs etdilər. Həbs müddətim bitdi. Azadlığa buraxıldım. Daxili İşlər Nazirliyinin ölkədən çıxışıma “stop” qərarı qalırdı. Lakin Səbail Rayon Məhkəməsinə şikayət etdim. Məhkəmə Daxili İşlər Nazirliyinin “stop” qərarını qanunsuz hesab edərək ləğv etdi (O, sosial şəbəkələrdə məhkəmənin qərarının fotosurətini yayıb). Ondan sonra mən ölkədən xaricə getdim. Lakin indi yenidən deyirlər Daxili İşlər Nazirliyi “stop” qoyub”, o sentyabrın 6-da Amerikanın Səsinə deyib.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə bildirdiyinə görə, Nicat İbrahim məhkəmədə deyib ki, o heç bir əsas olmadan həbs edilib.

“O, ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı sentyabrın 6-da Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edib. Deyib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var. Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə Daxili İşlər Nazirliyinin binası qarşısında özüna yandıracaq. Onun həbs edilməsinin səbəbi budur. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimklan tədbiri seçib”, vəkil qeyd edib.

Vəkil bildirib ki, oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi onun Nicat İbrahim barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verib. Sadıqova apellyasiya şikayəti təmin edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcəyini deyib.

İttiham sübut olunarsa Nicat İnrahimi 8 ilədək həbs gözləyir.

Nicat İbrahim ölkədən buraxılmasına “stop” qoyulmasını siyasi sifariş hesab edir.

“Bu, mənim ictimai fəaliyyətimlə bağlıdır. Mən qanunsuzluqlara qarşıyam və sosial şəbəkə profillərimdə bunu kəskin tənqid edirəm. Bu səbəbdən 2008-ci ildən başlayaraq təzyiqlərlə qarşı-qarşıyayam. Ölkədən çıxışıma qadağa qoyulması da bununla bağlıdır”, o, həbsindən öncə Amerikanın Səsinə deyib.

Öz növbəsində Daxili İşlər Nazirliyi bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov, jurnalist Rza Səfərsoy da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG