Accessibility links

Azərbaycan NATO ilə hərbi, hərbi təhsil, regional təhlükəsizlik məsələlərini müzakirə edib


Azərbaycan müdafiə nazirinin birinci müavini Kərim Vəliyev və NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak arasında görüş olub.
Azərbaycan müdafiə nazirinin birinci müavini Kərim Vəliyev və NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak arasında görüş olub.

Oktyabrın 9-da Bakıda Azərbaycanla NATO arasında hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakla Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında görüş olub.

Mətbuat xidməti bildirir ki, Kərim Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Vətən müharibəsindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib. Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir”, Vəliyev qeyd edibb.

Məlumatda deyilir ki, Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun bölmələrinin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib.

NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak.
NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak.

General-leytenant Adamçak Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

“Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib”, Mətbuat xidmətinin məlumatında deyilir.

Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Hərbi Qənimətlər Parkında olub, Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini ziyarət edib.

NATO nümayındə heyətinin Azərbaycana səfəri rəsmi Moskvanın Qərbin, NATO blokunun Cənubi Qafqazla bağlı siyasətini tənqid etdiyi bir vaxta təsadüf edir.

Oktyabrın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır.

“Biz kollektiv Qərb ölkələrinin NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük. Düşünürəm ki, regionun digər ölkələri bunu yaxşı bilir. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik”, Zaxarova qeyd edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, Rusiya istəmir ki Ukrayna müharibəsi fonunda ABŞ-ın, Aİ-nın, NATO-nun Cənubi Qafqazda fəallığı olsun.

“Amma Rusiyanın istəyindən asılı olmayaraq hal-hazırda Gürcüstanın, Ermənistanın, Azərbaycanın NATO, Avropa İttifaqı ilə bu və ya digər formada əməkdaşlıqları mövcuddur”, o bildirib.

Onun fikrincə Gürcüstan və Azərbaycanın Qərblə münasibətlərində müəyyən gərginliklər yaranıb və Rusiya bundan öz məqsədləri üçün istifadə edib NATO, ABŞ və Aİ-nı bölgədən sıxışdırmağa çalışır.

“Azərbaycanın və Gürcüstanın Qərblə münasibətlərində suallar olsa da, təhlükəsizlik sahəsində NATO və Amerika ilə əməkdaşlıqdan imtina etməzlər. Zatən Gürcüstan, Ermənistan və Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak edirlər. NATO Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Rusiya istəsə belə Cənubi Qafqaz dövlətlərini NATO ilə əməkdaşlıqdan qopara bilməyəcək”, ekspert əlavə edib.

Azərbaycan-NATO arasında ilk təmasların tarixi Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.

Forum

XS
SM
MD
LG