54 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov oktyabrın 4-də onun haqqında yazılı surətdə tərifnamə-təşəkkürnamə imzalayıb. Təcridxananın rəisi Xəlilovun saxlandığı kameraya gələrək yazılı tərifnaməni rəsmən təqdim edib, onu nümunəvi məhkum kimi digər məhkumlara təqdim edib.
Bu barədə Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla oktyabrın 6-da telefon danışığından sonra Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, Famil Xəlilov aclığı davam etdirir, lakin bir neçə gün quru aclıq etdikdən sonra səhhəti kəskin pisləşib və su içməyə başlayıb.
Hüquq müdafiəçisi Rüfət Sıəfərov Amerikanın Səsinə bildirib ki, təcridxananın rəisinin yanaşması Famil Xəlilovun aclığı dayandırması üçün bir vasitədir.
“Aclıq etdiyi müddət ərzində əlavə təsir alətləri işə salındı, dustaqları öyrədib, təzyiq vasitəsi kimi Famil Xəlilovun üstünə saldılar, psixi zorakılıq, fiziki zorakılığa cəhd oldu, xülasə, yüz oyundan çıxdılar ki, aclıq aksiyasını dayandırsın. Lakin Famil Xəlilov, təəssüf ki, aclığı davam etdirir, ailə üzvlərinin, vəkillərinin, bizlərin çoxsaylı müraciətlərini nəzərə almır”, o qeyd edib.
Fəal Famil Xəlilov "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb. Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.
Forum