1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində 44 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun sentyabrın 26-da məhkəməsi davam etdirilib. O, “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.
Xəlilov məhkəmədə birinci qrup əlil olduğunu, lakin ona baxmaq üçün sosial işçinin hələ də təyin olunmadığını bildirib.
Hakim deyib ki, qanun məhkuma sosial işçinin təhkim edilməsini nəzərdə tutmasa da, o, "humanizm prinsipindən" çıxış edərək istintaq təcridxanasının rəhbərliyinə müraciət edəcək.
Sonra Xəlilov özünü günahkar saymadığını bildirib, ittihamın saxtalaşdırıldığını deyib.
İş materiallarında göstərilib ki, onu küçədə saxlayıblar, halbuki, polis evdən aparıb. Xəlilov qeyd edib ki, iş materiallarında göstərilən küçədə heç vaxt olmayıb. İsveçdən deportasiya edildikdən sonra Xəlilov ümumiyyətlə evdən çıxmayıb.
Məhkəmə qərarı təqdim edilmədən evində axtarış aparılıb. Xəlilovu evin ikinci mərtəbəsinə aparıblar ki, guya orada ağ bir şey tapıblar və onu narkotik maddə adlandırıblar. Lakin polisin protokolunda göstərilib ki, narkotik maddə onun paltarının cibindən tapılıb.
"2005-ci ildən mənim şort və şalvarlarımın cibləri tikilib", fəal deyib. Hakim bunun səbəbilə maraqlananda Xəlilov deyib ki, cibə ehtiyacı yoxdur, çünki əlləri iflicdir, harasa bir şey qoymağa fiziki imkanı yoxdur.
İş materiallarında göstərilir ki, Xəlilov polisdə sənədləri imzalamayıb. O bunu fiziki olaraq imzalaya bilməməsilə izah edib, imza hüququnu anasına və xanımına verdiyini deyib.
O, vəkillərin suallarını cavablandırarkən açıqlama verib ki, sosial şəbəkələrdə ayaq barmaqları ilə yazıb və onun yazılarında hakimiyyət tənqid edilib.
Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.
Forum