Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiyə gölü hazırda fəsli bataqlığa çevrilib. Yağıntıların artdığı dövrlərdə su səviyyəsi müvəqqəti olaraq artır, lakin yağıntıların azalması ilə göl yenidən quraqlığa düçar olur. Yay aylarında buxarlanma səbəbindən göldə suyun səviyyəsi yenidən kritik həddə çatıb, bu da gölün gələcəyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. İranın ekoloji mütəxəssisləri xəbərdarlıq edirlər ki, əgər bu davam etsə, Urmiyə gölü Aral gölü ilə eyni taleyi yaşaya bilər.
Ətraf Mühitin Mühafizəsi Təşkilatının məlumatlarına görə, Urmiyə gölünün su səviyyəsi 1270,15 metrə enib və göldə hazırda yalnız 1 milyard 29 milyon kubmetr su var. Bu rəqəmlər gölün ötən ilin eyni dövrü ilə müqayisədə cüzi bir yüksəliş olduğunu göstərir və göl hazırda 950 kvadrat kilometr ərazini əhatə edir. Lakin mütəxəssislər bu dəyişikliklərin gölün kritik vəziyyətinə ciddi təsir göstərmədiyini qeyd edirlər, çünki gölün ekoloji səviyyəsini bərpa etmək üçün su səviyyəsinin 1274,10 metrə çatması tələb olunur və bunun üçün göldə 14,5 milyard kubmetr suyun olması lazımdır.
Su və ətraf mühit üzrə mütəxəssis Həmidrza Rəməzani Tasnim xəbər agentliyinə açıqlamasında bildirib ki, Urmiyə gölünün quruma səbəblərinin 85 faizi insan fəaliyyəti ilə bağlıdır, yalnız 15 faizi iqlim dəyişikliyi və qlobal istiləşmə ilə əlaqəlidir. O vurğulayıb ki, dörd hökumət ardıcıl olaraq gölün canlandırılması ilə bağlı vədlər verib, lakin yalnız Həsən Ruhani hökuməti müəyyən qədər müsbət nəticələr əldə edə bilib.
Rəməzani daha bədbin bir yanaşma ilə əlavə edib ki, göl kifayət qədər su ilə təmin edilsə belə ərazinin duz təbəqələri ilə örtülməsi və playa (quraqlıq dövründə tamamilə susuz qalan ərazi) halına gəlməsi səbəbindən göl əvvəlki vəziyyətinə heç vaxt qayıda bilməyəcək.
İllər ərzində Urmiyə gölünə bəzi su ötürmə layihələri həyata keçirilsə də, gölün bərpasına real təsir göstərən tədbirlər hələ görülməyib. Bölgədə kənd təsərrüfatı sahəsinin genişlənməsi və çox su tələb edən məhsulların, o cümlədən alma, şəkər çuğunduru və yonca kimi məhsulların istehsalı problemin dərinləşməsinə səbəb olur. Ekoloji fəallar və ekspertlər hökumətin bu sahədə dayanıqlı inkişaf siyasətlərinə kifayət qədər diqqət yetirmədiyini vurğulayaraq, gələcəklə bağlı narahatlıqlarını ifadə edirlər.
Ekspertlər Aral gölünün təcrübəsinə əsaslanaraq xəbərdarlıq edirlər ki, yanlış siyasətlər Urmiyədə də oxşar fəlakətə səbəb ola bilər. Aral gölü 1960-cı illərdə Ceyhun və Sırdərya çaylarının su mənbələrinin kənd təsərrüfatı üçün yönləndirilməsi nəticəsində qurumağa başlayıb. Bu gün gölün cəmi 10 faizi qalıb və Aralqum adlanan geniş səhra ərazisi böyük toz və qum tufanlarının əsas mənbələrindən birinə çevrilib. Bu, həm Qazaxıstan, həm də Özbəkistan üçün ciddi ekoloji problemlər yaradıb.
Keçən ilin yazında Urmiyə gölündə vəziyyətin yaxşılaşması ilə bağlı xəbərlər yayılsa da, Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədri İsa Kəlantəri bu xəbərlərin müvəqqəti olduğunu vurğulayıb. Kəlantəri bildirib ki, əgər sentyabrın ortalarına qədər göldə 2 milyard kubmetrdən çox su olsaydı, hökumətin fəaliyyətini uğurlu hesab etmək olardı. Lakin son statistikaya əsasən, hazırda göldə olan suyun həcmi 1,5 milyard kubmetrdən azdır ki, bu da hökumətin gölün canlandırılması üçün ciddi addımlar atmadığını göstərir.
İsa Kəlantəri həmçinin Urmiyə gölünün bərpası üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmadığını qeyd edib. Onun sözlərinə görə, son üç ildə layihəyə ən azı 1000 milyard tümən ayrılmalı idi, lakin yalnız 200 milyard tümən təmin edilib. “Əgər canlandırma layihələri tam şəkildə icra olunsaydı, göldə hazırda 4 milyard kubmetrdən çox su olmalı idi, lakin bu, baş vermədi və gölün böyük bir hissəsi buxarlandı”- deyə, o bildirib.
Gölün hazırkı böhranı təkcə ekoloji fəlakət deyil, həm də bölgənin əhalisi üçün ciddi təhlükədir. İranın hazırkı prezidenti Məsud Pezeşkian da əvvəlki prezidentlər kimi seçki kampaniyası zamanı Urmiyə gölünün xilasına söz verib. Buna baxmayaraq, keçmiş prezidentlər gölü xilas etməkdə uğursuz olublar. İndi isə əsas məsələ budur ki, Pezeşkian da əvvəlkilərin yolu ilə gedəcək, yoxsa vəziyyəti dəyişdirmək üçün real və əməli addımlar ata biləcək?
Əks halda, İran Azərbaycanı bölgəsində duzlu toz tufanlarının artması və bununla əlaqədar sağlamlıq problemləri qaçılmazdır. Səhralaşmanın genişlənməsi həm ekoloji, həm də sosial-iqtisadi problemlərə gətirib çıxara bilər.
Forum