Təbrizdən olan üç aylıq Elşən adlı uşağın atası Salar Əraqi uzun sürən hüquqi mübarizədən sonra nəhayət oğluna şəxsiyyət vəsiqəsi ala bildiyini Instagram hesabında açıqlayıb.
Təbriz Ümumi və Hüquqi Məhkəməsi, valideynlərin müraciətini qəbul edərək, Elşən adının qanunlara uyğun və qəbul edilən bir ad olduğunu bildirib. Məhkəmənin qərarına əsasən, Təbriz Qeydiyyat İdarəsi adın qeydiyyatına mane olduğu üçün məhkəmə xərclərini ödəməyə məhkum edilib və Elşən adının türkcə olmasına baxmayaraq, hüquqi normalara uyğun olduğu təsdiqlənib.
Salar Əraqi məhkəmə qərarının surətini də paylaşıb. Qərarda Elşən adının qadağan olunmadığı, mənasının normal olduğu və qeydiyyatının qanunlara uyğun olduğu vurğulanıb.
Bu hadisə, İranda türkcə adlara qarşı olan məhdudiyyətlərin bir hissəsi kimi diqqət çəkir. Bir çox İran azərbaycanlısı, Anar, Huntay, Sevgi və Ayıl kimi türkcə adlara görə uşaqlarına şəxsiyyət vəsiqəsi ala bilmədiklərini və ya uzun müddət hüquqi prosesdən keçdikdən sonra şəxsiyyət vəsiqəsi almağa nail olduqlarını bildirir.
Qeydiyyat İdarəsi bəzi türk adlarınn İranın milli kimliyi və İslam dəyərlərinə uyğun hesab etməyərək, onları qəbul etməkdən imtina edir. Bu səbəbdən, bir çox valideyn sosial mediada etirazlarını dilə gətirərək, ad seçmə hüquqlarının pozulduğunu vurğulayırlar.
Bu mübarizə illərdir davam edən bir problem olaraq qalır. Bəzi ailələr məhkəmə yolu ilə uşaqlarına türk adları ilə şəxsiyyət vəsiqəsi almağa nail olsalar da, bir çoxu hələ də arzuladıqları adı rəsmi sənədlərə yazdıra bilmir.
Qeyd etmək lazımdır ki, bəzən fars əlifbası ilə yazılmış, idarə tərəfindən məqbul sayılan türk adları da İran qeydiyyat şöbələrində müəyyən səslərin fərqli yazılışı və tələffüzü səbəbindən qəbul edilməsində çətinliklərlə üzləşir. Bu vəziyyət, türk dilindəki bəzi səslərin fars əlifbasında fərqli şəkildə yazılması səbəbilə adların düzgün qeydiyyatında problemlərə səbəb olur.
Forum