Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.
AZAL sentyabrın 24-də bildirib ki, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
“Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir”, məlumatda qeyd edilir.
Son həftə ərzində İsrail-Livan sərhəddində döyüşlər intensivləşib. Bazar günü İsrail qüvvələri Livanın cənubuna genişmiqyaslı hava hücumları həyata keçirib. Yeni hava hücumları nəticəsində azı 180 nəfərin öldüyü, 700-dən çox insanın yaralandığı bildirilib.
İsrail ordusu 300-dən çox hədəfə hücum etdiyini, Livanın dövlət xəbər agentliyi isə ölkənin cənub hissəsindəki bir çox bölgəyə güclü zərbələr endirdiyini bildirib. Hizbullah və İsrail qüvvələri bir-birinə yüzlərlə raket atıb.
Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumu ilə başlayıb. Bu hücum zamanı fələstinli militantlar 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın insanı girov götürüb. Onlar hələ də 100-ə yaxın insanı girov saxlayır ki, onlardan üçdə birinin öldüyü güman edilir.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla, 41 400-dən çox fələstinli öldürülüb, İsrail hərbi qüvvələri isə ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu deyir.
Forum