Accessibility links

İsrail və Hizbullah bir-birinə qarşı hücumlar təşkil edib


İsrailin şimalında Livanın cənubu ilə sərhəddə çəkilmiş görüntüdə İsrailin Livanın Markaba kəndini bombalaması nəticəsində yüksələn tüstü göstərilir, 22 sentyabr 2024.
İsrailin şimalında Livanın cənubu ilə sərhəddə çəkilmiş görüntüdə İsrailin Livanın Markaba kəndini bombalaması nəticəsində yüksələn tüstü göstərilir, 22 sentyabr 2024.

Livanda Hizbullah militantları və İsrail hərbi qüvvələri iki ölkə arasında sərhəd boyu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi təhlükəsinin artdığı vaxt bazar günü yüzlərlə raket hücumu həyata keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahın cümə günü İsrailin Beyrutda Hizbullah qrupunun hərbi liderlərinin ölümü ilə nəticələnən hücumuna cavab verməsi və militantların İsraili Livanda 32 nəfərin ölümü və minlərlə insanın yaralanmasına səbəb olan peycerlər və rabitə vasitələrinin partladılmasında ittiham etməsindən sonra şimalda təhlükəsizliyi bərpa etmək üçün “mümkün olan hər şeyi” edəcəyinə söz verib.

Netanyahu İsrailin son günlər Hizbullaha “təsəvvür edə bilmədiyi bir sıra zərbələr vurduğunu” deyib və bunu “mesaj” adlandırıb. O, bazar günü səhər Hizbullahın İsrailin şimalında Hayfa yaxınlığındakı Ramat David aviabazasına onlarla raket atmasından sonra danışıb.

Militantlar bunun keçən həftə İsrailin hücumuna cavab olduğunu bildiriblər.

Hizbullah baş katibinin müavini Naim Qassem Hizbullahın İsrailə qarşı mübarizəsinin “müddətsiz hesablaşma döyüşü” kimi təsvir etdiyi yeni mərhələsinə başladığını deyib.

O, cümə günü İsrailin Beyrutun cənubunda endirdiyi zərbə nəticəsində öldürülən yüksək səviyyəli komandirin dəfn mərasimində danışıb.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi ABC News tele kanalının “Bu həftə” proqramında deyib ki, İsrail və Hizbullah münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün təmkinli davranmalıdırlar.

İsrail təhlükəsizlik və xilasetmə qüvvələri İsrailin şimalında Kiryat Bialik bölgəsində Livandan atılan raketin vurulduğu yerdə işləyir, 22 sentyabr 2024.
İsrail təhlükəsizlik və xilasetmə qüvvələri İsrailin şimalında Kiryat Bialik bölgəsində Livandan atılan raketin vurulduğu yerdə işləyir, 22 sentyabr 2024.

“Biz İsrailin Qəzzada HƏMAS militantlarına qarşı təxminən bir ildir davam edən müharibəsindən başqa İsrail-Livan sərhədində ikinci cəbhə açmaqdansa “daha yaxşı yolların olduğuna inanırıq”, o bildirib.

“Heç kim bunun nə qədər çətin olacağına dair real olmayan dərəcədə nikbin deyil”, Kirbi deyib və əlavə edib ki, lakin müharibə edən tərəflər bunun genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün hərbi əməliyyatları davam etdirməkdən çəkinməlidir.

“Biz narahatlıqla izləyirik. Biz diqqəti bunun genişlənməməsinə yönəltmişik” - deyə, o bildirib.

Hizbullah bazar günü səhər saatlarında İsrailin şimalında daha geniş və daha dərin ərazilərə 100-dən çox raket atıb, bu raketlərdən bəziləri Hayfa şəhəri yaxınlığında düşüb, İsrail isə Livana yüzlərlə zərbə endirib. Aylarla davam edən gərginlikdən sonra tərəflərin tammiqyaslı müharibəyə başlamağa yaxın olduğu görünür.

Gecə baş verən raket hücumu İsrailin şimalında hava hücumu xəbərdarlığının verilməsinə səbəb olub və minlərlə insanı sığınacaqlara sığınmaq məcburiyyəti qarşısında qoyub. İsrail hərbi qüvvələri raketlərin “mülki yaşayış məntəqələrinə” atıldığını bildirərək, əvvəlki hücumların əsasən hərbi hədəflərə yönəldilməsindən sonra mümkün eskalasiyaya işarə edib.

Raketlərdən birinin Hayfa yaxınlığındakı Kiryat Bialik icmasındakı yaşayış binasının yanına düşməsi nəticəsində azı 3 nəfər yaralanıb, binalar və avtomobillər yanıb. İsrailin Magen David Adom xilasetmə xidməti hücum zamanı 4 nəfərin qəlpələrlə yaralandığını bildirib.

Livanın səhiyyə nazirliyi İsrailin sərhəd yaxınlığında endirdiyi zərbə nəticəsində bir nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını bildirib.

Hücum İsrailin cümə günü Beyruta Hizbullahın yüksək səviyyəli liderlərindən biri, həmçinin qadın və uşaqlar da daxil olmaqla azı 45 nəfərin ölümünə səbəb olan hava hücumundan sonra baş verib. Hizbullah bundan bir neçə gün əvvəl minlərlə rabitə cihazının partlamasına səbəb olan mürəkkəb hücumdan sarsılmışdı.

İsrail hərbi qüvvələri bildirib ki, son 24 saat ərzində Livanın cənubuna zərbələr endirib və raket buraxılış qurğuları da daxil olmaqla, militantılarn təxminən 400 mövqeyinə zərbələr endirib. İsrail hərbi qüvvələrinin sözçüsü polkovnik leytenant Nadav Şoşani bildirib ki, zərbələr daha böyük hücumun qarşısını alıb.

“İsrailin şimalında yüz minlərlə dinc sakin atəşə tutulub. Onlar gecəni, indi səhəri sığınacaqlarda keçiriblər”, o deyib. “Bu gün biz İsrail ərazisinin daxilində əvvəlkindən daha dərin hücumların şahidi olduq”, o əlavə edib.

Hərbçilər həmçinin bildiriblər ki, İranın dəstəklədiyi silahlı qruplaşmaların İsrailə pilotsuz təyyarə ilə hücum etdiyini iddia etdikdən sonra İraq istiqamətindən atılan bir neçə hava qurğusunu ələ keçiriblər.

İsrailin Səhiyyə Nazirliyi ölkənin şimalındakı bütün xəstəxanaların fəaliyyətlərini müdafiə olunan ərazilərə və ya tibb mərkəzlərinin ərazisindəki sığınacaqlara köçürməyə başlayacaqlarını bildirib.

İsrail hərbi qüvvələri həmçinin bu ilin əvvəlində militant qrupların ruporu olmaqda ittiham edilərək, İsraildə fəaliyyəti qadağan edilmiş Qətərin “Əl-Cəzirə” telekanalının İordan çayının qərb sahilindəki ofisində reyd keçirib. Beynəlxalq televiziya kanalının rəhbərliyi bu ittihamları rədd edib.

İsrail və Hizbullah arasında Qəzzada təxminən bir il əvvəl müharibənin başlamasından bəri militant qrupun fələstinlilərlə və İranın dəstəklədiyi müttəfiqi olan HƏMAS-la həmrəylik məqsədilə raketlər atmağa başladığı vaxtdan atışmalar baş verir. Bu toqquşmalar İsraildə onlarla, Livanda yüzlərlə insanın ölümünə və sərhədin hər iki tərəfində on minlərlə insanın didərgin düşməsinə səbəb olub.

Son vaxtlara qədər heç bir tərəfin genişmiqyaslı müharibəyə can atdığı düşünülmürdü və Hizbullah indiyədək Tel-Əvivi və ya əsas mülki infrastrukturu hədəf almaqdan yayınırdı. Lakin son həftələrdə İsrail diqqətini Qəzzadan Livana yönəldib və öz vətəndaşlarının evlərinə qayıtması üçün sərhəddə sakitliyi bərpa edəcəyinə söz verib. Hizbullah Qəzzada getdikcə əlçatmaz görünən atəşkəs olacağı təqdirdə hücumlarını dayandıracağını bildirib.

Qəzzada müharibə HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailə 1200-ə yaxın adamın öldürüdüyü, 250-yə yaxın insanın isə girov götürüldüyü hücumu ilə başlayıb. Militantlar hələ də təxminən 100 nəfəri girov saxlayırlar. Onların üçdə birinin öldüyü güman edilir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əks hücumu nəticəsində 41 mindən çox fələstinli həlak olub. Onlardan neçəsinin militant olduğu barədə məlumat verilməsə də ölənlərin yarıdan çoxunun qadın və uşaqlar olduğu bildirilir.

ABŞ həm HƏMAS, həm də Hizbullah qrupunu terror təşkilatı kimi tanıyıb.

Forum

XS
SM
MD
LG