Accessibility links

Urmiyədə məktəbin damı təhsil ilinin ilk günündə uçub, iki şagird xəsarət alıb


Sentyabrın 22-də İranda məktəblərin açılış günündə Urmiyə şəhərində bir məktəbin sinif otağının damının uçması nəticəsində iki şagird xəsarət alıb.

İran mətbuatının verdiyi məlumata görə, hadisə zamanı yaralanan şagirdlərdən ikisi xəstəxanaya aparılıb. Onlardan biri ambulator müalicə alıb, digəri isə xəstəxanada müalicəsini davam etdirir.

Sosial mediada hadisənin görüntüləri paylaşılıb, sinif otağının tavanının çökdüyü fotolar yayılıb.

Qərbi Azərbaycan vilayətinin təhsil idarəsi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada hadisə “sinif otağının damının qismən uçması” kimi təsvir edilib və iki şagirdin “yüngül xəsarət” aldığı bildirilib. Xəsarət alan şagirdlərdən birinin məktəb rəhbərliyi tərəfindən xəstəxanaya aparıldığı və hazırda heç bir ciddi problem olmadığı vurğulanıb. Şagirdlərin tibbi müayinələrinin nəticələrinin gözlənildiyi qeyd olunub.

Qərbi Azərbaycan vilayətində məktəb binalarının köhnəlmiş vəziyyətdə olması və vaqon məktəblərin çoxluğu kimi təhsil sahəsində çatışmazlıqlar, eləcə də çox sayda şagirdin təhsili yarımçıq buraxması bölgənin təhsil keyfiyyətinə mənfi təsir göstərir.

Ölkə üzrə təhsil müəssisələrində adambaşına düşən sahə 5,2 kvadratmetr olduğu halda, Qərbi Azərbaycanda bu göstərici 4,2 kvadratmetrdən ibarətdir. Bu isə tələbələr üçün təhsil sahəsinin ölkə üzrə ortalama göstəricidən bir kvadratmetr az olması deməkdir.

Forum

XS
SM
MD
LG