Accessibility links

Təbrizin bir universitetində "Azəri türkcəsi" yenidən tədris olunacaq


Azərbaycan Şəhid Mədəni Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti

Təbrizdə yerləşən Azərbaycan Şəhid Mədəni Universiteti bu tədris ilində “Azəri türk dili və ədəbiyyatı” dərslərini yenidən tədris proqramına daxil edəcək. Bu barədə məlumat universitetin tələbələr dərnəyinin Telegram kanallarında dərc olunub. Bildirilib ki, universitetin internet səhifəsində tələbələrə bu kursu fakultativ şəkildə seçmək imkanı yaradılıb. Tələbələr istəyə bağlı olaraq bu kursu seçə bilərlər.

Kursun qiymətləndirilməsi tələbələrin ortalama qiymət göstəricisinə (GPA) təsir edəcək və maksimum 50 nəfər bu dərsləri seçə biləcək.

Təbrizdəki bu universitetdə türkcə dərsi ilk dəfə 2018-ci ildə İranın Elm Nazirliyinin təsdiqi ilə tədris olunmağa başlanıb. Lakin illər ərzində kursun dərslikləri və məzmunu dəfələrlə tələbələrin narazılığına səbəb olub və bəzi hallarda kurslar ləğv edilib.

Pandemiya dövründə fakultativ "Azəri türkcəsi dili və ədəbiyyatı" dərsləri dayandırılmışdı. Ondan əvvəl isə kursun vaxtında təklif edilməməsi tələbələrin narazılığına və etirazlarına səbəb olmuşdu.

12 fevral 2018 ilində Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələri piket keçirir
12 fevral 2018 ilində Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələri piket keçirir

12 fevral 2018-ci ildə universitet tələbələri türkcə dərslərinin olmamasına etiraz olaraq aksiya keçirmiş, nəticədə universitet rəhbərliyi bu dərslərin tədris olunacağına dair vəd vermişdi.

Bununla belə, "Azəri türkcəsi" adlanan kursun adı, tədris metodları və məzmunu hələ də bəzi tələbələr tərəfindən tənqid olunur. Xüsusilə, rəsmilər tərəfindən "İran Azəri dili" kimi təqdim edilən və Azərbaycan Respublikasının dilindən fərqli olduğu vurğulanan bu kurslarda dil standartları və qrammatik qaydalarla bağlı suallar yaranır.

İran Azərbaycanında ana dilində təhsil artıq cəmiyyətin geniş miqyaslı tələbini təşkil edir. Son illərdə İranda prezidentliyə namizədlər, o cümlədən Həsən Ruhani və Məsud Pezeşkian, seçki kampaniyaları zamanı türk icması və digər etnik qrupların dəstəyini qazanmaq üçün bu məsələyə toxunaraq vədlər veriblər. Həsən Ruhani məktəblərdə türk dilinin tədrisini vəd etsə də, bu vəd reallaşmayıb.

Bununla yanaşı, İranda etnik hüquqlar sahəsində heç bir irəliləyiş müşahidə edilmir. Azərbaycanlıların dil və mədəni hüquqlarını müdafiə edən milli fəallar hələ də təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq uzunmüddətli cəzalarla üzləşirlər. İslam Respublikası hakimiyyəti altında türklərin ana dilində təhsil alması və məktəblərdə türk dilinin tədrisi reallaşmayıb. Siyasi fəallar isə bu sahədə yaxın gələcəkdə vəziyyətin dəyişəcəyinə dair ümidlərin az olduğunu vurğulayırlar.

Forum

XS
SM
MD
LG