Sentyabrın 9-da Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) həbsxanasında iki nəfərin qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmü icra edilib. Həmçinin, Təbrizdə 27 yaşlı bir gəncin də eyni ittihamla edam cəzası yerinə yetirilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı (İHR) və Rokna xəbər portalı məlumat yayıb.
Qəsdən adam öldürmə ittihamı ilə edam olunan şəxslərdən ikisi Qərbi Azərbaycanın Sayınqala (Şahindej) şəhərindən olan Süleyman Qəhrəmani və Feyzullah Hüseynpur olub. Onlar beş il əvvəl törətdikləri qətl ittihamı ilə həbs olunmuş və məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilmişdilər. İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, hər iki şəxs Qərbi Azərbaycan vilayəti sakini olan etnik kürd olub.
Rokna xəbər saytı isə 2022-ci ilin fevralında küçə davası zamanı qətl törətmiş və daha sonra həbs olunaraq edam cəzasına məhkum edilmiş Təbriz sakini haqqında məlumat yayıb. Gəncin ölüm hökmü Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanıldığı qeyd edilib.
İnsan haqları müdafiəçilərinin fikrincə, İranın cinayət qanunlarında qəsdən adam öldürmə cinayəti konkret şəkildə təsnif edilmir. Bu səbəbdən, təqsirləndirilən şəxsin qətli hansı şəraitdə törətməsindən asılı olmayaraq, əksər hallarda ölüm hökmünə gətirib çıxarır.
İran İnsan Haqları Təşkilatının illik hesabatına görə, Qərbi Azərbaycan vilayəti edamların sayı baxımından ölkənin altıncı vilayətidir. Bu ilin əvvəlindən İran üzrə 419 nəfər edam edilib ki, onlardan 15-i qadındır.
Forum